EN

Gənclərdə panik atak nədən yaranır? Psixoloq AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Son illərdə gənclər arasında panik atak halları getdikcə daha çox müşahidə olunur. Bu vəziyyətin yaranmasının bir neçə əsas psixoloji səbəbi vardır. Təhsil, iş, karyera və sosial gözləntilər gənclərdə daimi təzyiq yaradır və onların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Müasir dünyada uğur və performans tələbləri gənclərin üzərində əlavə yük yaradır, bu isə stres səviyyəsini yüksəldərək panik atakların ortaya çıxmasına zəmin hazırlayır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova  gənclər arasında panik atak hallarının artmasından danışarkən bildirdi.

"Uğursuzluq qorxusu, ictimai mühitdə qəbul edilməmək hissi və gələcək barədə qeyri-müəyyənlik də panik atakların yaranmasında mühüm rol oynayır. Gənclər bəzən hərəkətlərini və qərarlarını davamlı olaraq qiymətləndirir, özlərini və ətraflarını müqayisə edirlər. Bu isə bədənin və beynin həddindən artıq gərginlik vəziyyətinə keçməsinə səbəb olur. Eyni zamanda, emosional dəstəyin çatışmazlığı və ya keçmişdə yaşanmış neqativ hadisələr panik atakların psixoloji zəminini daha da gücləndirir. Məsələn, uzun müddət davam edən təzyiq altında olmaq, ailədə və ya məktəbdə travmatik təcrübələr keçirmək, sosial rədd edilmə hallarının təkrar yaşanması gəncin özünü təhlükəsiz və dəstəklənmiş hiss etməsinə mane olur".

Psixoloq qeyd etdi ki, panik atak adətən anidən başlayır və çox güclü fiziki simptomlarla müşayiət olunur.

"Bu zaman insan ürək döyüntüsünü, nəfəs darlığını, tərləmə və titrəmə hissini, hətta ölüm qorxusunu yaşayır. Panik atak zamanı insana elə gələ bilər ki, vəziyyətdən çıxış yolu yoxdur, amma bu simptomlar keçicidir və həyati təhlükə yaratmır. Belə vəziyyətlə üzləşdikdə ilk addımlar çox vacibdir. Yavaş və dərin nəfəs almaq panik atakı zəiflətməyə kömək edir və bədəni sakitləşdirir. Hadisəni düzgün qiymətləndirmək də əhəmiyyətlidir; insan özünə xatırlatmalıdır ki, hiss etdiyi narahatlıq təhlükəli deyil, sadəcə keçici bir vəziyyətdir. Diqqəti real obyektlərə yönəltmək, məsələn, rənglərə, səslərə və ətrafdakı əşyalara fokuslanmaq, insanı “burada və indi” vəziyyətinə qaytarır və panik atakla mübarizədə faydalı olur. Dəstək istəmək də mühüm addımlardan biridir. Bu, yaxın birinə vəziyyəti bildirmək və ya psixoloqla danışmaqla həyata keçirilə bilər. Belə dəstək panik atakların təkrarlanmasının qarşısını almaqda vacib rol oynayır və gəncin emosional sabitliyini qorumağa kömək edir".

Onun sözlərinə görə, panik ataklar yalnız tibbi müalicə ilə həll edilə bilən bir problem deyil, psixoloji yanaşma və dəstək tələb edir.

"Gənclər bu vəziyyətlə üzləşdikdə onu gizlətmək və ya öz-özünə keçməsini gözləmək əvəzinə mütəxəssis yardımı almalıdırlar. Vaxtında müraciət edildikdə panik atak nəzarət altına alına, hətta tamamilə aradan qaldırıla bilər. Psixoloqlar fərdi terapiya, rahatlama texnikaları, nəfəs məşqləri və davranış terapiyası vasitəsilə gənclərin bu vəziyyətlə başa çıxmasına yardım edirlər. Ümumiyyətlə, panik atakla üzləşən gəncin əsas məqsədi vəziyyəti tanımaq, narahatlıq hissini idarə etməyi öyrənmək və mütəxəssis dəstəyi ilə həyat keyfiyyətini qorumaq olmalıdır. Bu, yalnız gəncin emosional sağlamlığını gücləndirmir, həm də onun gündəlik fəaliyyətinə və sosial həyatına müsbət təsir göstərir", - deyə Zeynəb Əyyubova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
redaktor.az

2Sources