EN

“Neftçi” II "Ulduz Cup" beynəlxalq futbol turnirinin qalibi olub

Quba, 28 avqust, Elxan Yusifli, AZƏRTAC

Qubada 12 yaşadək futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın final matçında “Neftçi” (Azərbaycan) və “Paxtakor” (Özbəkistan) komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında üstün olan "Neftçi" turnirin qızıl medallarını qazanıb.

“Sabah” (Azərbaycan) və “Dinamo” (Tbilisi, Gürcüstan) komandaları isə 3-cü yer uğrunda mübarizə aparıb. Bu matçın da əsas vaxtı heç-heçə ilə yekunlaşıb – 1:1. Gürcüstanlı futbolçular penaltı zərbələrini daha dəqiq yerinə yetirərək bürünc medalların sahibi olub.

Final oyunundan sonra Quba Olimpiya İdman Kompleksinin stadionunda mükafatladırma mərasimi keçirilib. Mükafatları Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman Naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Cahangir Fərəcullayev təqdim ediblər.

Qalib komandalara kubok və medallar verilib.

Qeyd edək ki, turnirdə 7 ölkədən ümumilikdə 12 komanda mübarizə aparıb.

Chosen
4
1
azertag.az

2Sources