EN

Trampdan ikili reaksiya - rus nefti alan Hindistana rüsum, qaz alan Çinə hələlik sükut...


Təbriz Musayev: “Burada həm siyasi, həm də iqtisadi səbəblər var”

“Bloomberg” xəbər verir ki, ABŞ-ın sanksiyaları altında Rusiyanın ixrac obyektindən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker ilk dəfə Çinə yanaşıb. İzləmə məlumatlarına görə, Rusiyanın şimalında qara siyahıya alınmış Arctic LNG 2 zavodundan yanacaq daşıyan Arctic Mulan, Çindəki Beihai LNG terminalına yanaşıb.

Qeyd olunur ki, Arctic LNG 2 layihəsi Bayden administrasiyası dövründə sanksiyaya məruz qalıb və keçən il kölgə donanması adlanan yanacaq ixracına başlayıb. Bununla belə, alıcılar ABŞ-ın cavabından qorxduğu üçün əvvəllər heç bir belə tanker idxal terminallarına müraciət etməyib.

Novatek PJSC-nin rəhbərlik etdiyi Arctic LNG 2, Avropadakı ənənəvi alıcılara boru kəməri tədarükünün kəskin azalmasından sonra yeni bazarlar əldə etməyə çalışan Rusiyanın 2030-cu ilə qədər LNG ixracını üç dəfə artırmaq planlarının açarıdır. Rusiya neftinin idxalına görə Hindistana təzyiq etməklə yanaşı, ABŞ indiyədək Rusiya LNG alıcılarına məhdudiyyətləri sərtləşdirməkdən çəkinib. Səbəb isə Vaşinqtonun Ukraynada atəşkəs razılaşmasına kömək etmək istəyindədir. ABŞ prezidenti Donald Tramp avqustda Vladimir Putinlə şəxsi danışıqlarının “son dərəcə məhsuldar” olduğunu bildirib. Sülh danışıqları zamanı Rusiya və ABŞ rəsmiləri bir neçə enerji sazişini müzakirə ediblər.

Məlum olduğu kimi, Tramp Rusiya neftini idxal etdiyinə görə, Hindistana 50 faizədək rüsum tətbiq edib. Tramp prezident seçiləndən sonra bəyan etmişdi ki, hansı ölkə Rusiya neftini idxal etsə, həmin ölkəyə ABŞ ikiqat rüsumlar tətbiq edəcək. Rusiyanın əsas qaz idxalatçısı olan Avropa İttifaqı ölkələri Ukrayna müharibəsindən sonra qaz idxalını demək olar tamamilə dayandırıb. Bu səbəbdən Rusiya mayeləşdirilmiş təbii qaz (LNG) ixracına əsas diqqəti yönəldib. Müxtəlif vasitələrlə sanksiyalardan yayınaraq gəmilərlə bunu satır. Bu baxımdan ən böyük tutuma malik olan gəmisi “Arctic LNG 2”dir. Artıq həmin gəmi Çin limanına çatıb. Halbuki, Rusiya həm də boru xətti ilə Çinə böyük həcmdə qaz ixrac edir. İndi də Çinə LNG qazı ixrac edir. Ancaq Tramp buna görə hələlik Çinlə ticarətdə rüsum tətbiq etməkdə tələsmir. Halbuki, həmin gəmi Baydenin dövründən ABŞ sanksiyaları altındadır.

Maraqlıdır, belə də Tramp neftə görə Hindistana böyük rüsumlar tətbiq edirsə, Rusiya qazını qanunsuz şəkildə idxal etdiyinə görə Çinə də bənzər rüsumlar tətbiq edəcəkmi?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev Birləşmiş Ştatların Çinə rüsumları tətbiq etməyə tələsməməsini bir sıra amillərlə əlaqələndirdi: “Burada həm siyasi, həm də iqtisadi səbəblər var. Tramp eyni vaxtda Çinlə bütün körpüləri yandırıb ciddi konfrontasiyaya getmək istəmir. Bəli, Çin Rusiya ilə çox yaxın münasibətlərə, ticarət əlaqələrinə malikdir. Hətta Rusiyaya silah yardımı da edir. Ancaq ABŞ indiki vaxtda Çinə böyük rüsumlar tətbiq etsə, Çinlə Rusiyanın yaxınlaşması bir az da dərinləşəcək. Tramp ilk dövrlərdə çalışdı ki, Rusiyanı şirnikləndirərək Çindən uzaqlaşdırsın. Ancaq Vaşinqtonun bu cəhdləri alınmadı. Baxmayaraq ki, strateji anlamda Rusiya üçün potensial təhdid Çindir. Çünki Çin Rusiyada iqtisadi və digər təsir dairəsini genişləndirir. Rusiyanın neftini ucuz qiymə alır və bu ölkəyə həm də öz məhsullarını ixrac etmək üçün bazar kimi baxır. Digər tərəfdən məsələnin iqtisadi tərəfi var. Bu da ondan ibarətdir ki, ABŞ Çinə rüsum tətbiq etsə, özü də böyük zərərlə üzləşə bilər. Bir sıra məhsulların qiyməti ABŞ-da arta bilər. Çünki Çin və ABŞ arasında ticarət dövriyyəsi 2024-cü ildə 3,7 faiz artaraq 688,28 milyard dollar təşkil edib. ABŞ Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır. Çindən bu ölkəyə ixracat keçən il 4,9 faiz artaraq 524,66 milyard dollara yüksəlib. Eyni zamanda, ABŞ-dan ÇXR-ə tədarük 0,1 faiz azalaraq, 163,62 milyard dollara çatıb. Son illər Çin-ABŞ münasibətləri daha da gərginləşib ki, bu da iki ölkə arasında ticarətə təsir edib. 2022-ci ildə onların ticarət dövriyyəsi cəmi 0,6 faiz artaraq 759,4 milyard dollara çatıb. 2023-cü ildə isə 11,6 faiz azalaraq 664,45 milyard dollar təşkil edib. Göründüyü kimi, Ukrayna müharibəsi ilə əlaqədar ABŞ-Çin ticarət dövriyyəsi gah artır, gah da azalır. İndiki dövrdə Tramp Rusiya, Hindistan və Çini eyni vaxtda qarşısına almaq istəmir. Çünki Tramp məsələnin iqtisadi-ticarət tərəflərinə daha çox diqqət yetirir. Üstəlik, rüsumlarla əlaqədar ABŞ-Çin danışıqları gedir. Fikrimcə, Hindistan ABŞ-la razılığa gəlsə, Rusiyadan neft idxalını dayandırsa və yaxud da kəskin azaltsa, ABŞ Çinə qarşı rüsumlar tətbiq edə bilər”.

Vidadi ORDAHALLI

Chosen
188
baki-xeber.com

1Sources