Ağdam rayonunda verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 31-də saat 19:10 radələrində 4 nəfər (3 qadın cinsli, 1 kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın təpə nahiyəsinin əzilmiş yarası, qapalı kəllə-beyin travması, baş-beyinin travmatik epidural qanaması diaqnozları təyin edilən 1 nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Yeni Klinikaya təxliyə olunub. Pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, cərrahi əməliyyat olunması nəzərdə tutulub, vəziyyəti ağırdır.", TƏBİB-dən bildirilib.
***
31 avqust, 21.09
Ağdamda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, onlar 1971-ci təvəllüdlü Bayramov Xosrov Xəlil oğlu, 1974-cü il təvəllüdlü Bayramova Gültəkin Ayxan qızı, 1999-cu il təvəllüdlü Bayramova Teyyubə Xosrov qızı, 1961-ci il təvəllüdlü Mehralıyeva Laləzar Mirzə qızı və 1969-cu il təvəllüdlü Qarayeva Nazilə Kəriş qızıdır.
Yaralılardan üçü - Bayramova Gültəkin, Bayramova Teyyubə və Bayramova Laləzara Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.
***
19:38
Ağdamda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, Quzanlı-Əfətli yolunun Çəmənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "Toyota" markalı minik avtomobili yol kənarındakı işıq dirəyi çəpərə çırpıldıqdan sonra "KİA" markalı minik maşını ilə toqquşub.
Yüksək gərginlikli naqilin yerə düşməsi nəticəsində ağac və kolluq hissədə yanğın qeydə alınıb.
Baş vermiş yanğının qarşısı alınıb.
Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Yaralılar Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, baş vermiş qəza nəticəsində kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.
***
18:41
Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun əldə etdiyi ilkin xəbərə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Toyota" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qəzaya düşən minik maşınında alışma baş verdiyi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı yanğınsöndürən briqada da cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




