EN

Tranzitdən diplomatiyaya: “Bakı regionun əsas nəqliyyat qovşağına çevrilir”

Regionda yeni bir iqtisadi və siyasi arxitektura formalaşır. ABŞ-ın təşəbbüsü ilə irəli sürülən TRIPP koridoru bu prosesin əsas başlanğıcıdır. Layihə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir və ölkəni yalnız enerji ixracatçısı deyil, həm də mühüm nəqliyyat mərkəzi kimi ön plana çıxarır. Bakı uzun illərdir Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişmə nöqtəsi kimi çıxış edirdi. TRIPP koridorunun reallaşması isə bu üstünlüyü tamamilə yeni səviyyəyə qaldırır.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, TRIPP koridoru ideyası əslində regionda tamamilə yeni iqtisadi və siyasi arxitekturanın başlanğıcıdır:

“Bu layihə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Çünki Bakı uzun illərdir həm Şimal–Cənub, həm də Şərq–Qərb nəqliyyat dəhlizlərinin mərkəzi kimi çıxış edir. TRIPP koridoru isə bu üstünlüyü yeni səviyyəyə qaldırır.

Azərbaycan üçün uzunmüddətli iqtisadi faydaların başında tranzit gəlirlərinin artması dayanır. Bu, dövlət büdcəsinə əlavə resurs deməkdir. Eyni zamanda, logistika və nəqliyyat sektoru sürətlə inkişaf edəcək, Bakı isə regionun əsas ticarət qovşağına çevriləcək”.

Onun sözlərinə görə, bu layihə Azərbaycanı yalnız enerji ixracatçısı yox, həm də mühüm nəqliyyat mərkəzinə çevirir:

“Beləliklə, ölkə daha geniş siyasi manevr imkanları qazanacaq. Həmçinin yerli sahibkarların beynəlxalq bazarlara çıxışı asanlaşacaq ki, bu da iqtisadiyyatın diversifikasiyasına ciddi töhfə verəcək.

Təbii ki, TRIPP koridorunun həyata keçirilməsi Moskva və Tehranla müəyyən ziddiyyətlər yarada bilər. Çünki hər iki ölkə regionda öz nəqliyyat üstünlüklərinin zəifləməsindən narahatdır. Ancaq Azərbaycan balanslı siyasəti ilə bu riskləri minimallaşdıra bilər. Bakı indiyə qədər bütün regional güclərlə dialoqu qorumaqda bacarıqlı olub.

Üstəlik, TRIPP koridoru Azərbaycanın Qərblə iqtisadi və siyasi inteqrasiyasını sürətləndirəcək. Bu, Avropa və ABŞ üçün Azərbaycanın əvəzolunmaz tərəfdaş olduğunu bir daha təsdiqləyəcək. Eyni zamanda, Mərkəzi Asiya ölkələri də bu marşrutdan fayda götürəcək. Bu isə Azərbaycanın Türk dünyasındakı mövqelərini daha da möhkəmləndirəcək”.

“Nəticə etibarilə, TRIPP koridoru Azərbaycanın iqtisadiyyatını gücləndirəcək, siyasi çəkisini artıracaq və ölkəmizi regionun əsas strateji mərkəzinə çevirəcək. Risklər mövcuddur, amma bu risklər Azərbaycanın müstəqil siyasəti və çevik diplomatiyası ilə nəzarətdə saxlanıla bilər. Bu layihə Bakının XXI əsrdə geosiyasi yüksəlişinin yeni mərhələsidir”,- deyə analitik bildirib.

//Gülnarə Abasova, Editor.az

Chosen
43
editor.az

1Sources