EN

Basketbol: 2025/26 mövsümünün başlama tarixi açıqlandı

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün başlama tarixi və reqlamenti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, çempionat sentyabrın 28-də başlayacaq. Reqlamentə əsasən, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçiriləcək. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:

A qrupu: “Sabah”, “Neftçi”, “Şəki”, “Abşeron Lions”, NTD, “Gəncə”.

B qrupu: “Naxçıvan”, “Ordu”, “Sərhədçi”, “Sumqayıt”, “Quba”, “Lənkəran”.

Müntəzəm çempionatın A qrupunun oyunlarında meydanda 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. B qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, 16-cı turdan etibarən 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü sıralamada ilk “8-lik”də tamamlayacaq klublar növbəti mövsümdən 1-ci liqada (ABL), 9-12-ci yerləri tutacaq komandalar ölkə basketbolunda ilk dəfə olaraq təşkil olunacaq 2-ci liqada (ABL 2) mübarizə aparacaqlar.

Basketbol klublarımızda 3 yeni müqavilə, bir yeni təyinat

Yeri gəlmişkən, Azərbaycan Basketbol Liqasında mübarizə aparan bəzi komandalarda baş məşqçilərlə bağlı qərarlar açıqlanıb. Belə ki, Tahir Baxşıyev yeni mövsümdə də NTD-nin baş məşqçisi olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla müqavilə müttədinin uzadıldığı diqqətə çatdırılıb. Baxşıyevin köməkçisi Şirin Məhərrəm təyin edilib.

Xatırladaq ki, Tahir Baxşıyev 2012-ci ildən NTD-nin baş məşqçisidir.

“Quba” da baş məşqçisi Şəhriyar Əsgərovla müqavilə müddətini artırıb. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli mütəxəssis yeni mövsümdə də “Quba”nın “sükan”ı arxasında olacaq. Şəhriyar Əsgərova komandanın kapitanı Zaur Paşayev kömək edəcək.

“Sumqayıt” da baş məşqçisi Vadim Kuramşınla bağlı qərarını açıqlayıb. “Gənclik şəhəri” təmsilçisi təcrübəli mütəxəssislə müqavilə müddətini uzadıb. O, yeni mövsümdə də komandanın “sükanı arxası”nda olacaq.

Kuramşın “Sumqayıt” təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır. O, ötən mövsümün gedişində baş məşqçi postuna gətirilib.

Kuramşının başçılığı altında “Sumqayıt” B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komandada “Sərhədçi”yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

“Sərhədçi”nin də yeni baş məşqçisi bəlli olub. Komandanı bundan sonra Anar Sarıyev çalışdıracaq. Ayberk Acar baş məşqinin köməkçisi təyin edilib. O, həmçinin klubda fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Chosen
47
5
arena.az

10Sources