EN

"Yelo Bank" ASC-nin səhmdarlarının nəzərinə

Azərbaycan-Çin əlaqələri dinamik inkişafdadır

Coğrafi baxımdan bir-biri ilə uzaqda yerləşmələrinə baxmayaraq, Azərbaycanla Çin Xalq Respublikası arasındakı əlaqələr strateji məzmun daşıyır. Prezident İlham Əliyevin hələ bu ilin aprelində Çinə etdiyi dövlət səfəri əlaqələrin daha da inkişafına təkan verib, iki dövlət arasında yeni əməkdaşlıq imkanlarının  daha da genişlənməsinə  yol açıb. Bu səfər zamanı ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər və vəzifələr müəyyənləşdirilib.

Münasibətlərin inkişafında iki dövlətin rəhbərlərinin dostluğu xüsusi rol oynayır

Prezident İlham Əliyevin ÇXR Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə etdiyi işgüzar səfər bir daha göstərdi ki, Azərbaycan-Çin münasibətləri hər iki dövlətin maraqlarını ehtiva edərək, dinamik  inkişaf yolundadır. 

Ümumiyyətlə, Prezident İlham Əliyevin qarşılanmasından başlayaraq səfərin bütün detalları Çin dövlətinin və onun sədrinin Prezident İlham Əliyevə və Azərbaycana olan yüksək ehtiramının nümunəsinə çevrildi. Olduqca səmimi atmosferdə aparılan danışıqlar, Si Cinpinin İlham Əliyevə "mənim əziz dostum", -  deyə müraciət etməsi çox mətləblərdən xəbər verdi. Əlbəttə, bu gün Azərbaycan-Çin siyasi münasibətlərinin ən yüksək səviyyəyə çatmasında iki dövlətin liderləri arasında olan dostluq münasibətləri xüsusi rol oynayır. Prezident İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin əlamətdar günlər və siyasi hadisələr münasibətilə bir-birinə göndərdikləri məktubların məzmunu həm dövlətlərarası siyasi əlaqələrin, həm iki dövlətin rəhbəri arasındakı dostluğun nümunəsidir. Bununla yanaşı, son illərdə Azərbaycanla Çin arasında ali və yüksəksəviyyəli səfərlərin sayı da artıb və bu amil Azərbaycan-Çin liderləri münasibətlərinin yüksəlişinə əhəmiyyətli dərəcədə təsirini göstərir.

Azərbaycan Çinin ərazi bütövlüyünə daim hörmətlə yanaşıb və "Vahid Çin" ideyasını birmənalı şəkildə dəstəkləyib. Rəsmi Bakı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bu mövqeyini hər zaman nümayiş etdirib. Hələ illər öncə Azərbaycan - Çin arasında imzalanmış Birgə Bəyannamədə də bu fikir öz əksini tapıb ki, Azərbaycan vahid Çin  dövlətini tanıyır və Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir.

Öz növbəsində Çin Xalq Respublikası artıq öz həllini tapmış Qarabağ məsələsində hər zaman obyektiv, ədalətli mövqe ortaya qoyub. Çin respublikamızın haqlı mövqeyini daim müdafiə edib. O cümlədən rəsmi Pekin həm 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin antiterror tədbirləri vaxtı tamamilə obyektiv mövqe nümayiş etdirib. Bu gün isə Çin Xalq Respublikası respublikamızın ərazi bütövlüyünün təmin olunmasından sonra regionda yaranan reallıqları tanıyır və Bakının sülh təşəbbüslərinə yaxından dəstək verir. 

Bu ilin aprel ayında imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" isə əlaqələri tamamilə yeni müstəviyə yüksəldib. Əlaqələrin perspektivləri ilə bağlı məsələlərin öz əksini tapdığı bu sənəd hər iki tərəfin qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, özlərinin birgə mənafeləri naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyir.

Əməkdaşlıq əlaqələri genişləndirilir

Azərbaycanla Çin arasındakı siyasi sferadakı sıx münasibətlər iqtisadi  sahədə də bir-birini uğurla tamamlayır. Statistik göstəricilər də bunu təsdiq edir. Məsələn, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 21 faizə yaxın artaraq 3,74 milyard ABŞ dollarına yüksəlib. Bununla da Çin dövləti Azərbaycanın xarici iqtisadi əlaqələrində dördüncü ən böyük tərəfdaşına çevrilib. Azərbaycanın ümumi idxalının 17,7 faizi məhz Çinin payına düşür. Respublikamızın ümumi xarici ticarət dövriyyəsində Çinin payı təxminən 8 faiz təşkil edir. 

İki dövlət yüksək texnologiyalar, "yaşıl  enerji" sahələrində də uğurla əməkdaşlıq edir. Çin şirkətləri Azərbaycanın "yaşıl enerji" layihələrində fəal iştirak edirlər. Texnoloji inkişafda böyük yol qət edən Çin respublikamızın "yaşıl enerji" layihələrinin texniki resurslarla təchizatına böyük dəstək verir.

İki dövlət arasındakı iqtisadi əlaqələrin yüksəlməsində nəqliyyat sahəsində əməkdaşlıq da böyük rol oynayır. Azərbaycanın yaratdığı mükəmməl nəqliyyat  infrastrukturu, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində maraqları ilə üst-üstə düşür. Son illərdə əhəmiyyəti daha da yüksələn Orta dəhliz hazırda yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən sürətli və etibarlı marşrutudur. Orta dəhliz vasitəsilə Azərbaycanla Çin arasında tranzit daşımaların həcminin 2023-cü illə müqayisədə  2024-cü ildə 86 faiz artaraq 378 min tona çatması da Orta dəhlizin qlobal rəqabətdəki aparıcı mövqeyini göstərir. 

Bütün bu məsələlər Prezident İlham Əliyevlə Sədr Si Cinpin arasında avqustun 31-də Çinin Tiencin şəhərində keçirilən görüşdə bir daha müzakirə olunub. Çin Xalq Respublikasının Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub.

Prezident İlham Əliyev Azərbaycanla-Çin arasında ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu deyib. Dövlətimizin başçısı "Bir kəmər, bir yol" layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib. 

Prezident İlham Əliyevin Çinə səfəri bir daha göstərdi ki, Azərbaycan-Çin münasibətləri dostluq və strateji tərəfdaşlıq prinsiplərinə söykənərək inkişaf edir. Eyni zamanda dövlətimizin başçısının  Çinin Tiencin şəhərində bu ölkənin "China Energy Engineering Corporation Limited" ("Energy China"), "Sichian Sunsync Photovoltaic Technology Co", "CCCC" ("China Communications Construction Company") şirkətlərinin və "CETC" ("China Electronics Technology Group Corporation") korporasiyasının rəhbərləri ilə görüşləri bir də təsdiq etdi ki,  iki dövlət arasında əməkdaşlıq əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

1Sources