EN

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafı perspektivləri

Çinin Tyanjin şəhərində sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının illik sammiti keçirilib. Bu sammit təşkilat tarixində ən geniş tərkibli toplantı hesab olunur. İclasda 20 ölkənin dövlət və hökumət başçıları, eləcə də 10 beynəlxalq qurumun təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Ermənistan Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Hindistan Baş naziri Narendra Modi və digər üzv ölkələrin liderləri də iştirak ediblər.

Başlıca məqsədləri üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi, müxtəlif sahələrdə – siyasət, ticarət, təhsil, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühit daxil olmaqla – əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin qorunması, həmçinin beynəlxalq arenada yeni əməkdaşlıq düzəninin qurulması olan ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunub. Zamanla əhatə dairəsini xeyli genişləndirən ŞƏT-ə 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus üzv qəbul olunub. Avrasiya ərazisinin 60%-ni, dünya əhalisinin 40%-ni, dünya üzrə ümumi məhsulun isə 25%-ni özündə birləşdirən təşkilat regionunda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas platformalarından biri sayılır.

Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir və 2024-cü ildə bu statusun müşahidəçi ölkəyə çevrilməsi üçün rəsmi müraciət edib. Azərbaycanın davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi böyük layihələr ölkənin ŞƏT-lə münasibətlərinə müsbət təsir göstərir. Xüsusilə də Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə verdiyi dəstək, Transxəzər nəqliyyat marşrutunun – Orta Dəhlizin üstünlükləri, bu ölkəni təşkilat üçün əhəmiyyətli tərəfdaşa çevirir.

2022-ci ilin sentyabrında Səmərqənddə keçirilmiş sammitdə Prezident İlham Əliyev çıxış edərək qeyd etmişdi ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra regionda nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı üçün yeni imkanlar açılıb. Azərbaycanın bu sahədə təşəbbüsləri Şərq-Qərb və Şimal-Cənub layihələrinin gerçəkləşməsində mühüm rol oynayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyəti 15 milyon ton təşkil edir və bu göstərici 25 milyon tona qədər artırıla bilər. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil və yüzlərlə kilometr dəmir yolları çəkilib. Azərbaycan həm də regionun ən böyük mülki hava yük donanmalarından birinə sahibdir və hazırda 9 beynəlxalq hava limanı fəaliyyət göstərir. Azad olunmuş ərazilərdə müasir standartlara cavab verən 3 yeni hava limanı istifadəyə verilib. Zəngəzur dəhlizinin açılması istiqamətində də mühüm addımlar atılır və Azərbaycan bu məsələdə öhdəliklərini vaxtında və yüksək səviyyədə yerinə yetirir. Bu dəhliz həm Azərbaycanın, həm də region ölkələrinin nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Azərbaycan, əməkdaşlıq ruhunu ön plana çəkərək ŞƏT ölkələri ilə əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq üzv ölkələr üçün nəqliyyat-tranzit imkanlarının və enerji resurslarının birgə istifadəsini genişləndirmək, eləcə də Azərbaycanda mövcud olan əlverişli investisiya mühitindən faydalanmaq baxımından yeni imkanlar yaradır. Azərbaycan artıq bir çox üzv ölkələrlə, o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistanla yüksək səviyyəli ikitərəfli münasibətlərə malikdir. Lakin bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur.

“ŞƏT plyus” formatında keşirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Son iki ildə iki dövlət arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 2024-cü il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri quruldu. Bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.

Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.

Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.

Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Hazırda Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.

Ölkə başçısı qeyd edib ki, “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.”

Azərbaycanın ŞƏT-lə əlaqələrinin inkişafı regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq imkanlarının yaranması, xarici investisiyaların cəlb edilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşlarının artırılması, Çin, Rusiya, Hindistan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrə beynəlxalq səviyyədə dəstəyin artması, Avrasiya və Qərb arasında balanslı siyasətin daha da güclənməsinə xidmət edir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

 

Chosen
11
5
moderator.az

6Sources