EN

Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir.



Cənubi Qafqaz regionunda 30 ildən artıq davam edən münaqişələr, müharibələr və nəticəsiz danışıqlar prosesləri Şanlı Zəfərimizdən sonra nəhayət ki, yeni siyasi reallıqların yaranmasına gətirib çıxarıb.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə bu reallıqların izahı və onların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqazın ən güclü ölkəsi və qlobal layihələrin kəşişdiyi mərkəz kimi Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın son otuz ildə keçdiyi mürəkkəb tarixi prosesləri xatırladaraq vurğuladı ki, Ermənistanın 1990-cı illərin əvvəlində həyata keçirdiyi işğal siyasəti ölkənin 20 faiz ərazisinin itirilməsinə, bir milyondan çox insanın  qaçqın və məcburi köçkün statusu ilə yaşamasına səbəb olmuşdur. O dövrdə zəif orduya və siyasi dayaqlara malik Azərbaycan beynəlxalq hüququn açıq şəkildə pozulmasına qarşı adekvat cavab vermək imkanından məhrum idi.

2020- ci ilin 44 günlük Vətən müharibəsi dövlətimiz üçün dönüş nöqtəsi oldu. Dövlət başçımızın da vurğuladığı kimi, bu böyük Zəfərlə biz , nəinki ərazi bütövlüyümüzü, həm də beynəlxalq hüququ bərpa etdik. Bununla da uzun illər davam edən qeyri-səmərəli danışıqlar mərhələsi başa çatdı və regionda yeni geosiyasi reallıqlar yarandı.

Müsahibədə vurğulanan əsas məqamlardan biri 2025-ci il 8 tarixində Vaşinqtonda paraflanmış sənədin əhəmiyyətidir. Prezident İlham Əliyev qeyd etdi ki, bu sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası formatda qurulmasına dair Azərbaycanın baxışına əsaslanır. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşma münaqişənin formal sonunu təsdiqləməklə yanaşı, Cənubi Qafqaz üçün tamamilə yeni imkanlar açır.

Dövlət başçısı açıq şəkildə bəyan etdi: əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bu, regionun gələcəyi üçün həyati əhəmiyyət daşıyan, rasional və ədalətli mövqedir. Prezident Əliyev əminliklə qeyd etdi ki, Ermənistanın istənilən gələcək hökuməti bu reallığı qəbul etməyə məcbur olacaq.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi təsdiqlədi ki, Azərbaycan müharibəni sülh və əməkdaşlıq gündəliyi ilə tamamlayır. Vaşinqton sazişi yalnız iki ölkə arasındakı münaqişəyə son qoymur, həm də Cənubi Qafqazı Yaxın Şərq və Mərkəzi Asiya ilə birləşdirən strateji sabitlik məkanına çevirmək potensialına malikdir.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Chosen
15
aia.az

1Sources