EN

Kamran Əliyev Türkiyədəsəfərdə olub

Sentyabrın 1-də Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “2025-2026 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak etmək üçün qardaş Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər edib.

Bu barədə Redaktor.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, öncə nümayəndə heyəti Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub.

Rəsmi tədbirdə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Baş prokuror Muhsin Şəntürk, Ədliyyə naziri Yılmaz Tunç, həmçinin çoxsaylı hakim və prokurorlar, eləcə də digər xarici qonaqlar da iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən vitse-prezident Cevdet Yılmaz məhkəmə və prokurorluq orqanlarının ədalət mühakiməsinin təmin edilməsində xüsusi rolunu vurğulayaraq, yeni ədliyyə ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, eyni zamanda, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi və Ali Məhkəmənin sədri İnam Kərimovu salamlayaraq, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və qarşılıqlı əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb.

Vitse-prezidenti Cevdet Yılmaz heyət rəhbərlərini qəbul edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, xüsusilə hüquq-mühafizə əməkdaşlığında əldə olunan nailiyyətlərin davamlı xarakter daşıdığını, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə siyasi iradəsi ilə münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Səfər çərçivəsində Kamran Əliyev Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şəntürk, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Ədliyyə naziri Yılmaz Tunç və başqa xarici həmkarları ilə görüşlər keçirib.

Görüşlərdə hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.

2222
Chosen
1
13
redaktor.az

10Sources