EN

Si Tsinpin və Vladimir Putin: “Strateji dostluğun” mexanikası...

Moskva ilə Pekin arasında yaxınlıq təsadüfi deyil, iqtisadi qarşılıqlı tamamlanma və anti-Qərb baxışları ilə möhkəmlənmiş siyasi seçimdir...

Le Monde nəşrinin təhlili 

Tyantsin – Pekin: Simvollar və siqnallar

Avqustun 31-də, bazar günü, Çinin nəhəng şimal-şərq limanı Tyanjində Rusiya və Çin liderləri “köhnə dostlar” kimi görüşdülər: geniş təbəssümlər, səmimi əl sıxışmaları və Putinin təyyarədən enməsindən dərhal sonra rahat söhbət. Ertəsi gün, Hindistanın baş naziri Narendra Modi də iştirak edərkən, ABŞ prezidenti Donald Trampın tarifləri fonunda Vaşinqtondan məsafələnən Hindistanın mövqeyi ilə yanaşı, görüşün ab-havasını nümayişkaranə dostluq müəyyənləşdirirdi.

Əsas danışıqlar isə çərşənbə axşamı Pekində — ikitərəfli, “iki dövlət və iki dost arasında” baş tutdu. Putin “münasibətlərimizin misilsiz səviyyəyə çatdığını” bildirdi. Si Tsinpin isə “hərtərəfli strateji əməkdaşlıqdan” danışaraq, “daha ədalətli və rasional qlobal idarəetmə sistemi” qurmaq niyyətini vurğuladı və Çinə görə bu, daha az Qərb yönümlü bir sistem olmalıdır.

Çərşənbə günü rusiyalı prezidentə Tyananmen meydanında, Qadağan Şəhərin qarşısında, Şimali Koreya lideri Kim Çen In və daha bir neçə onlarla xarici dövlət başçısının yanında xüsusi yer ayrıldı. Le Monde-un fikrincə, bu rituallar Rusiya və Çin tərəfindən İkinci Dünya müharibəsinə dair oxşar narrativlərin qurulmasına xidmət edir: Moskva Qərbin rolunu kiçildərək nasist Almaniyası üzərində qələbəni öz adı ilə bağlayır, Pekin isə Yaponiyanın kapitulyasiyasını qeyd edərək Çinin rolunu ön plana çəkir. Keçmişin təfsiri bugünkü yaxınlığı möhkəmləndirir.

ABŞ-nin Rusiyanı Çindən ayırmaq cəhdi və Trampın effekti

Ağ Ev ümid edirdi ki, 15 avqustda Ankoricdə Putinə göstərilən “qırmızı xalça” onu Çindən ayıracaq. Lakin ABŞ dövlət katibi Marko Rubio hələ fevralda Breitbart-a demişdi: “Rusiyanı Çinlə münasibətlərdən tamamilə qoparmağımız mümkün olmayacaq”.

Nəticədə nə Ukrayna müharibəsinin gedişatına, nə də Moskva ilə Pekin arasındakı “böyük dostluğa” Alyaska görüşü təsir göstərdi.

Ukrayna müharibəsi Moskvanın asılılığını artırıb

Le Monde-un qiymətləndirməsinə görə, məhz müharibə ikitərəfli münasibətlərin balansını dəyişdi. Qərb bazarlarından kəsilən Rusiya Çindən daha çox asılı oldu. Pekin işğalı pisləməsə də, enerji resurslarını alaraq Moskvanın büdcəsini doldurur, eyni zamanda dron istehsalını mümkün edən avadanlıq və komponentlər göndərir. Çin isə vurğulayır ki, ölümcül silah göndərməyib.

Lakin fikir ayrılıqları da var. Mərkəzi Asiya hər iki tərəfin maraq dairəsidir. Şimali Koreya bölmələrinin Ukraynaya göndərilməsi Pekində narazılıq doğurub, çünki bu addım Yaponiyanı NATO-ya yaxınlaşdırır. Eyni zamanda, “Sibir Gücü-2” qaz kəməri layihəsinin dayanması da Kremlin məyusluğuna səbəb olur. Çin isə enerji və ərzaq idxalında diversifikasiyanı prioritet sayaraq, yalnız bir təchizatçıya bağlı olmaq istəmir.

Tərəfdaşı alçaltmadan verilən dəstək

Beynəlxalq Cinayət Məhkəməsinin Putinə order çıxarmasından üç gün sonra, 2023-cü ilin martında Si Tsinpin Moskvaya üçgünlük səfər etdi. Avropalı bir diplomat bunu “Putin üçün hədiyyə, amma eyni zamanda ölüm öpüşü” kimi xarakterizə etdi: Kreml diplomatik toxunulmazlıq qazanır, amma Çinin kölgəsində kiçik görünür. Buna baxmayaraq, Pekin tərəfdaşını açıq şəkildə alçaltmaqdan qaçır.

Əslində yaxınlaşma müharibədən əvvəl də başlamışdı. 2014-cü ildə ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkelin boykotuna baxmayaraq, Soçidə keçirilən Qış Olimpiadasının açılışına Si Tsinpinin qatılması ilk siyasi siqnal idi. Bu, Pekinin ABŞ-nin “Asiyaya dönüş” strategiyasını məhdudlaşdırma cəhdi kimi qəbul etməsinin göstəricisi idi.

Strateji seçim: Anti-Qərb baxışı və iqtisadi tamamlayıcılıq

Fransanın sabiq səfiri Silvi Bermanın sözlərinə görə, bu yaxınlıq “strateji seçimdir”. Hər iki paytaxt Qərb dəyərlərinin yayılmasında və ABŞ-ın “hərbi gücündə” təhlükə görür. Çin Tayvan məsələsində güc tətbiqi olacağı halda Rusiyanın siyasi dəstəyinə bel bağlayır.

IFRI-nin Rusiya–Avrasiya Mərkəzinin direktoru Tatyana Kastueva-Jean isə xəbərdarlıq edir: bu münasibətləri nə şişirtmək, nə də kiçiltmək olar. Onun əsasını həm iqtisadi tamamlayıcılıq, həm də ideoloji anti-Qərb yaxınlığı təşkil edir. Trampın 2018-ci ildən başlatdığı ticarət müharibələri və ABŞ-ın texnologiyada Çini ləngitmək cəhdləri Pekini daha da əmin edib: əsas təhdid Sakit okeanın o tayındadır.

Diplomatiya simvolik jestlərlə müşayiət olunur: 2018-ci ildə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Putin və Si birlikdə blin bişirib, kürü və araqla tost qaldırmışdılar. BMT Təhlükəsizlik Şurasında onlar Qərbə qarşı mövqelərdə birləşirlər. Statistika da diqqətəlayiqdir: bu həftə onların şəxsi görüşlərinin artıq 45-ci dəfə olduğu qeyd olunur. Putin dəfələrlə Si Cinpinə qarşı “fərdi vibrasiya” hiss etdiyini deyib. 2022-ci ilin fevralında isə, Ukrayna müharibəsindən üç həftə əvvəl Si münasibətləri “sərhədsiz dostluq” adlandırmışdı. Əsas sual isə budur: Putin dostunu “xüsusi əməliyyat” barədə əvvəlcədən xəbərdar etmişdimi?

İttifaq yox, paralel kurs

Moskva və Pekin arasında yaxınlıq hərbi alyans deyil. Çinin qlobal miqyası nəzərə alındıqda, Pekin özünü məhdudlaşdırmaq istəmir. Rusiyada bunu belə ifadə edirlər: “Həmişə birlikdə olmasaq da, heç vaxt bir-birimizə qarşı deyilik”.

Üç illik müharibə dövründə Çin “prorus neytrallıq” xəttini qoruyur: işğalı pisləmir, amma hücumu da açıq dəstəkləmir. Bunun əvəzində Qərblə münasibətləri gərginləşir. Çin elitası isə yekdil deyil. Bəziləri hesab edir ki, Moskvanı bu qədər dəstəkləmək artıqdır. Buna görə də “sərhədsiz dostluq” şüarı gündəmdən tədricən çəkilib.

Bununla belə, Pekinin qırmızı xətləri də var: iyulda Çinin xarici işlər naziri Van İ Avropa İttifaqının diplomatiya rəhbərinə bildirib ki, Çin Rusiyanı tərk etməyəcək. Çünki Rusiyanın Ukraynada məğlubiyyəti Qərbə Çinə qarşı daha çox resurs sərf etmək imkanı verərdi.

Realist gözləntilər və iqtisadi balans

Əslində münasibətlər bir növ “plato”ya çatıb. Çinin xarici ticarətində Rusiyanın payı cəmi 3 % təşkil edir, Rusiyanın isə 26 %-i Çinə yönəlib. Yeni iri layihələr yoxdur. İqtisadçı Vladislav İnozemtsev qeyd edir ki, Çin Rusiya üçün əsasən texniki avadanlıq təminatçısı kimi əhəmiyyətlidir, alternativi yoxdur. Amma Kreml gözlədiyi kreditləri və sərmayələri ala bilmir. Yəni nə böhran, nə də dalan var. Sadəcə ortada gözləntilərdən daha təvazökar reallıq mövcuddur.

Son kadr: Tyananmen - balansın metaforası

Çərşənbə günü hər iki lider birlikdə Çinin artıq Rusiyanı xeyli qabaqlayan gücünün simvoluna çevrilən Tyananmen meydanında əsgər, raket və tank kolonlarını izləyəcəklər. Buna baxmayaraq, Le Monde vurğulayır ki, onlar hələ uzun müddət bir-birinə ehtiyac duyacaqlar. Pekin üçün Avrasiyada Rusiya arxa cəbhə və siyasi dəstək, Moskva üçünsə Çin bazar, texnologiya və diplomatik “çətir” müdafiəsi kimi həyati əhəmiyyət daşıyır.

Tərcümə Poliqon-a aiddir.

Poliqon.info

Chosen
80
1
poliqon.info

2Sources