EN

Türkiyə şəhid ailələri Qarabağda səfərdədir - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi davam etməkdədir.

QHT.az xəbər verir ki, layihənin növbəti günündə ölkəmizdə qonaq olan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət 20 nəfərlik heyət üçün Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər təşkil edilib. Səfər çərçivəsində iştirakçılar əvvəlcə Xocalı şəhər 1 nömrəli tam orta məktəbi ziyarət edib, daha sonra isə Qarabağ Universitetinə baş çəkərək ali təhsil müəssisəsinin fəaliyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat alıblar. Günün davamında qonaqlar Cıdır düzü, Yuxarı Gövhər Ağa Məscidi, Şuşa qalası və Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərindəki Xüsusi Nümayəndəliyində olublar və onlara şəhərin tarixi, mədəni və strateji əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, 1-5 sentyabr 2025-ci il tarixlərində həyata keçiriləcək bu layihənin əsas məqsədi iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin – ortaq milli-mədəni dəyərlərini təbliğ etmək, həmçinin şəhid ailələri və ictimaiyyət nümayəndələri arasında əməkdaşlıq və dostluq mühitini möhkəmləndirməkdən ibarətdir. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan eyniadlı layihəsi çərçivəsində ötən il Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, ictimaiyyət xadimləri və şəhid ailələrindən ibarət olan 20 nəfərlik heyət ölkəmizdə səfərdə olub. Bu layihənin davamı olaraq isə 2024-cü ilin iyul ayında orta və ali məktəblərdə təhsil alan 30 şəhid övladı üçün ŞKTR-da “Yay Məktəbi” təşkil olunub.

Chosen
107
4
qht.az

6Sources