EN

Sentyabrın 8-də Bayrunu, 9-da Makronu “aşıracaqlar” - 5-ci Respublika tarixində hələ belə böhran olmayıb...


Fransanın ifrat sağçı “Milli Birlik ”partiyası prezident Emmanuel Makrona müraciət edərək, onu təcili şəkildə növbədənkənar parlament seçkiləri təyin etməyə çağırıblar. Fransa millətçiləri bu addımı sentyabrın 8-də Milli Assambleyada hökumətə etimadsızlıq səsverməsindən əvvəl atıblar.

Etimad məsələsinin təşəbbüskarı son aylarda dövlət büdcəsində radikal ixtisarlar həyata keçirməyə çalışan, amma siyasi meydanın inadkar müqaviməti ilə qarşılaşan baş nazir Fransua Bayrudur.

Fransa mətbuatının yazdığına görə, Bayru hökumətinin ən azı indiki məqamda parlamentdə kifayət qədər səs toplamaq imkanı yoxdur, bu isə sentyabrın 8-dən sonra ölkədə yeni hökumət böhranının yaranacağı anlamına gəlir. Fransa konstitusiyasına görə, hökumətə etimadsızlıq səsi verildiyi halda prezidentin iki yolu var: yeni baş naziri təyin etmək və ya hökuməti formalaşdırmaq mümkün olmadıqda, yeni seçkilər təyin etmək. Amma indiki vəziyyətdə Makronun özünün də durumu çox ağırdır. Belə ki, Fransada "Təslim olmayan Fransa" partiyası hökumətə etimad səsverməsindən sonrakı gün Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim etmək niyyətindədir. Partiyanın parlament fraksiyasının lideri Matilda Pano bu xüsusda bildirib: “8 sentyabrda biz Bayrunun getməsinə məcbur edəcəyik. 9 sentyabrda isə respublika prezidentinin vəzifədən kənarlaşdırılması təklifini irəli sürəcəyik”. Siyasətçi xatırladıb ki, Makron 2024-cü il parlament seçkilərində sol qüvvələrin qələbəsinə baxmayaraq, sol qüvvələrin namizədini baş nazir təyin etməkdən imtina edib. Onun sözlərinə görə, bu, Beşinci Respublika tarixində ilk dəfə baş verib. Hələlik isə diqqət çəkən odur ki, Bayru başçılıq etdiyi hökumətin taleyi ilə bağlı parlamentdəki partiyalarla danışıqlara başlayıb. O, bir daha kabinetinə etimad səsverməsinin sentyabrın 8-də parlamentdə səsverməyə çıxarılacağını bəyan edib. Amma bütün solçu partiyalar, eləcə də ifrat sağçı “Milli Birlik ”partiyası hökumətin istefasına səs verəcəklərini bildiriblər. Çətin ki, Bayru bütün həftə davam edəcək danışıqlarda rəqiblərinin fikrini dəyişə bilsin. Amma bunu etməsə, hökumət istefaya gedəcək, siyasi böhran daha da ağırlaşacaq, mühüm məsələlər, o cümlədən büdcə məsələləri təxirə salınacaq. Bayru bildirib ki, bir həftə ərzində parlament onun baş nazir kimi taleyini deyil, bütün Fransanın taleyini həll edəcək.

Qeyd edildiyi kimi deputatlar mövcud hökumətin əleyhinə səs verərsə, o buraxılacaq. Nazirlər Kabinetinin fəaliyyətinin təsdiqlənməsi o demək olacaq ki, deputatlar dövlət xərclərinin azaldılması zərurəti ilə razılaşacaqlar, yəni onlar iqtisadiyyat üçün zəruri olsa da, son dərəcə qeyri-populyar qərara görə məsuliyyəti öz üzərlərinə götürəcək və bununla da öz siyasi gələcəklərini riskə atacaqlar. İndilikdə Bayru risk edir. Adətən baş nazir etimad səsverməsini hökumətin qələbəyə əmin olduğu və hakim partiyanın mandatların çoxluğuna malik olduğu zaman təklif edir. İndi prezident Emmanuel Makron və baş nazirin tərəfdarları mandatların daha kiçik bir hissəsinə nəzarət edirlər. Lakin Fransanın siyasi gündəmində büdrəmə olan qeyri-populyar büdcə layihəsi Bayruya baş nazir qalmaq şansı qoymur. Parlament partiyaları yeni büdcə planı qəbul ediləndə istənilən halda ona etimadsızlıq votumu irəli sürəcəkdilər. İndiki hökumət başçısı uzun müddətdir ki, dövlət xərclərinin azaldılmasını və bununla da büdcədəki boşluğun bağlanmasını təklif edir. Siyasətçi təxminən 44 milyard avroya qənaət etmək istəyir. Bu məqsədlə artıq pensiya islahatı qəbul edilib, pensiya yaşı 62-dən 64-ə qaldırılıb. Baş nazir bəzi bayram günlərini ləğv etməyi, həmçinin sosial müavinətlərin məbləğini 2025-ci il səviyyəsində dondurmağı planlaşdırır. Nəticədə pensiya və müavinətlər indeksləşdirilməyəcək. Bayrunun planı qeyri-populyar ola bilər, lakin bu, Fransa üçün indi çox lazımdır. Auditorlar Məhkəməsinin rəhbəri Pyer Moskoviçi xəbərdarlıq edib ki, ölkənin maliyyə vəziyyəti kritik deyil, lakin şübhəsiz ki, narahatedicidir. Ədliyyə naziri Cerald Darmanin və xarici işlər naziri Manuel Valls partiya liderlərini güzəştə getməyə və məsuliyyəti öz üzərinə götürməyə çağırıb. Onlar kabinetin buraxılmasının ölkə üçün yaxşı olmadığına eyham vurublar. Amma artıq bunun heç bir faydası yoxdur. Bayrudan əvvəlki hökumət də xərcləri azaltmağa çalışdı və bu, sabiq baş nazir Mişel Barnierin istefası ilə nəticələndi. Barnierin kabineti cəmi üç ay - 2024-cü il sentyabrın 5-dən dekabrın 5-dək fəaliyyət göstərib.Hökumətin bir ildən az müddətdə ikinci istefası hazırkı icra hakimiyyətinin qarşısında duran problemlərin sayını artıracaq. Hazırkı baş nazir artıq Makronun hakimiyyəti dövründə altıncıdır. Bayru istefa verərsə, prezident ya yeni baş nazir təyin etməli, ya da parlamenti buraxmalı olacaq. Stabil hökumət yarada bilməməsi Makronun onsuz da düşən reytinqini aşağı salacaq, lakin hələlik onun özü təhlükədə deyil. Dövlət başçısı dəfələrlə bəyan edib ki, vaxtından əvvəl istefa verməyi planlaşdırmır. Və impiçment üçün heç bir əsas yoxdur. Amma indiki hakimiyyətin əleyhdarları geri çəkilmək fikrində deyillər. Sosialist Partiyasının lideri Olivier Faure bildirib ki, Bayru hakimiyyətdən kənarlaşdırılmalıdır. O, hökumətin əleyhinə səs vermək niyyətinə toxunaraq, bildirib: “Qəbul etdiyimiz qərar geri alınmazdır”. Sosialistlərin büdcə təklifləri daha əvvəl baş nazir tərəfindən rədd edilmişdi. Bayru izah edib ki, sollar dövlət xərclərini məhdudlaşdırmaq istəmir, əksinə, onu artırmaq istəyir ki, bu qəbuledilməzdir.Sosialistlər və ifrat sağçılarla yanaşı, Kommunist Partiyası, Yaşıllar, “Fəth ediməmiş Fransa” və Respublika Uğrunda Sağlar İttifaqı da Bayrunun büdcə xərclərini azaltmaq planlarına qarşıdır. Onlar birlikdə 330 yer tuturlar. Hökumətyönlü koalisiyanın cəmi 212 mandatı var.

NAHİD SALAYEV

Chosen
74
7
baki-xeber.com

8Sources