EN

Benjamin Pavar “İnter”i tərk etdi – Marsel “Olimpik”inə görə

Milan “İnter”inin və Fransa yığma komandasının müdafiəçisi Benjamin Pavar bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Liqa 1 nəhəngi 29 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb. Marsellilər buna görə “İnter”ə 2,5 milyon avro ödəyiblər. Fransa klubu mövsümün sonunda Pavarın transfer hüquqlarını da ala bilər. Belə olan halda “İnter”ə əlavə 15 milyon avro ödəmək lazım gələcək.

Benjamin Pavar “İnter”ə 2023-cü ilin avqustunda 30 milyon avro müqabilində “Bayern”dən keçib. Fransız müdafiəçinin “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Pavar “İnter”in heyətində 70 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransalı futbolçu daha öncə “Bayern”, “Ştutqart” və “Lill” klublarının formasını geyinib.

Pavar 2017-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 55 oyuna 5 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Benjamin “xoruzlar”la 2018-ci il dünya çempionatının, 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı futbolçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Marsel “Olimpik”i “Bornmut”un yarımmüdafiəçisi Hamed Traoreni də heyətinə qatıb. Fransa klubu 25 yaşlı futbolçunu da bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Hamed Traore daha öncə “Empoli”, “Oser”, “Napoli” və “Sassuolo” kimi klublarda çıxış edib. “Bornmut” onu 2023-cü ilin yayında 25,62 milyon avroya transfer edib. Amma yarımmüdafiəçi İngiltərə klubunun heyətində cəmi 14 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Chosen
60
arena.az

1Sources