Bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılmış müdafiəçi Viktor Lindelöf bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Birmingem klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi təcrübəli oyunçunu azad agent qismində heyətinə qatıb. 31 yaşlı müdafiəçi yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Peşəkar karyerasına “Vasteras”da başlamış Viktor Lindelöf sonraan “Benfika”da da çıxış edib. “Mançester Yunayted” isveçli müdafiəçini 2017-ci ildə 35 milyon avro müqabilində heyətinə qatmışdı. O, bu illər ərzində “qırmızı şeytanlar”ın heyətində 284 oyuna çıxıb, 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Lindelöf 2016-cı ildə debüt etdiyi İsveç milli komandasının heyətində 71 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

“Aston Villa” “Liverpul”un hücumameyilli yarımmüdafiəçisi Harvi Elliotu da heyətinə qatıb. Birmingem klubu 22 yaşlı ingilis futbolçunu “qırmızılar”dan 2025/2026-cı illər mövsümünün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Harvi Elliot “Fulhem” və “Liverpul” klublarının yetirməsi hesab olunur. O, “qırmızılar”ın əsas komandasının heyətində 149 oyuna çıxıb, 15 qol və 20 məhsuldar ötürmə müəllifi olub. Elliot daha öncə “Bləkbörn”də də icarədə olub.
Elliot İngiltərənin U-15, U-16, U-17 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
