Əvvəlcə Aya baza qurulacaq, daha sonra Mars missiyası başlayacaq...
Poliqon xəbər verir ki, ABŞ 2030-cu illərin əvvəlində astronavtların Marsa göndərilməsini nəzərdə tutur. Bu barədə ABŞ-ın nəqliyyat naziri və NASA-nın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Şon Daffi Fox News telekanalına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, ilk mərhələdə ABŞ Ay səthinə faydalı yüklər göndərərək orada baza inşasına başlayacaq. Bu bazanın yaradılması Marsa uzunmüddətli missiyanın həyata keçirilməsi üçün strateji əhəmiyyət daşıyır. Daha sonra, 2030-cu illərin əvvəlində astronavtların Marsa səfəri planlaşdırılır. Missiyanın səkkiz ay davam edəcəyi bildirilir.
Şon Daffi əlavə edib ki, NASA-nın yol xəritəsinə əsasən, 2026-cı ilin aprelində dörd nəfərlik ekipajı daşıyan kosmik gəmi Ayı dövrə vuracaq. Bu mərhələdən sonra isə astronavtların Ay səthinə enişi həyata keçiriləcək və onların səfəri 8-12 gün davam edəcək.
Qeyd edək ki, bundan öncə NASA rəhbərliyi qurumun Donald Trampın prezidentlik müddəti bitənədək – 2029-cu ilə qədər Ay səthinə enişi reallaşdırmağı hədəflədiyini açıqlamışdı.
Poliqon.info