BAKI, 4 sentyabr. TELEQRAF
Braziliyalı biznesmen bütün əmlakını “Santos”un və milli komandanın hücumçusu Neymara vəsiyyət edib.
Teleqraf GZH nəşrinə istinadən xəbər verir ki, sahibkar rəsmi şəkildə ölümündən sonra sərvətinin yeganə varisi kimi 33 yaşlı futbolçunu təyin edib.
Müvafiq sənəd 2023-cü il iyunun 12-də Porto-Aleqridə imzalanıb notariat qaydasında təsdiqlənsə də, məlumat indi yayılıb.
Adı gizli saxlanılan biznesmen öz qərarını belə izah edib: "Onunla heç bir ailəvi və ya iş bağlılığım olmasa da, Neymara sevgim var. Onun ünvanına edilən çoxsaylı tənqidlər məni təsirləndirib. O, eqoist deyil, bu da indiki dövrdə nadir haldır”.
31 yaşlı şəxs Neymarla atasının yaxın münasibətlərinə diqqət çəkib: “Onun atası ilə bağlılığı mənə mərhum atamla münasibətlərimizi çox xatırladır”.
Biznesmene yaxın insanlar isə təsdiqləyiblər ki, onun aktivlərinə daşınmaz əmlak, investisiyalar və şirkət səhmləri daxildir. Lakin onlar dəqiq məbləği açıqlamayıblar. Həmin məbləğin Neymarın 1 milyard dollardan çox qiymətləndirilən sərvəti ilə müqayisə olunması çətin göründüyü iddia edilir.