EN

Tramp Çindən nəyin qarşılığında təşəkkür umur?


Məhərrəm Zülfüqarlı: “Çinin militarist Yaponiyanın təhlükələrinə qarşı apardığı müharibədə ABŞ-ın SSRİ-yə göstərdiyi kömək, SSRİ-nin də Çinə dəstəyi onu deməyə əsas verir ki, bəli, burda Amerikanın rolu var”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İkinci Dünya müharibəsində Çin Yaponiya üzərində qazandığı qələbəyə görə Amerikaya təşəkkür etməlidir. O deyib ki, mən Çinin ABŞ-a təşəkkür etməsini istəyirəm. Trampın fikirlərindən belə görsənir ki, Çinin Yaponiya üzərində qələbəsinə 1945-ci ildə Amerika da kömək edib.

Tarixi faktdır ki, ABŞ Yaponiyaya - Xirasimo və Nakasakiyə iki dənə atom bombası atdı və bununla da Yaponiyanın dizlərini qırdı, bu da Çinin qələbəsini asanlaşdırdı.

ABŞ-ın Yaponiyaya atdığı iki atom bombasından başqa Tramp daha nəyi nəzərdə tuta bilər? Çinin İkinci Dünya müharibəsində Yaponiyanın üzərində qələbəsində Amerika Çinə hansı köməyi edib? Tramp hansı kömək üçün minnətdarlıq gözləyir?

Ekspertin fikirlərini təqdim etməzdən əvvəl mövzu ilə əlaqədar “The Washington Post” qəzetində Nuxa Masix və Luruk Linin araşdırmasına diqqətinizi yönəltmək yerinə düşərdi.

Qeyd edək ki, araşdırma dilimizə tərcümə edilərək mediamızda yayılıb.

Məqalədə vurğulanan fikirlərdən biri odur ki, Çin Yaponiya üzərində qələbədə ABŞ-nin rolunu silməyə çalışır. “...Bir çox tarixçilər ABŞ yardımının Çinin müharibədə davam gətirməsi üçün həlledici olduğunu vurğulayır. 1937-ci ildən etibarən İmperator Yaponiyası Çinin böyük hissəsini işğal etmişdi. 1945-ci ildə ABŞ-nin Xirosima və Naqasakiyə atom zərbələri nəticəsində Yaponiya təslim oldu və Çin azad edildi. 9 sentyabr 1945-ci ildə Yaponiya kapitulyasiya aktını Nankində imzaladı”.

Sözügedən məqalədə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbinin professoru Ranaa Mitter bildirib ki, Çin və ABŞ bir-birinə lazım idilər. Çinin davamlı müqaviməti olmasa, ABŞ Asiya-Sakit Okean regionunda daha ağır problemlərlə üzləşərdi: “ABŞ-nin maliyyə dəstəyi və hərbi məsləhətləri olmadan isə Çin müharibənin sonunadək tab gətirə bilməzdi”.

Mitterin “Forgotten Ally: China’s World War II” kitabında vurğulanır ki, Qərbdə Çinin müharibəyə verdiyi töhfə uzun illər layiqincə qiymətləndirilməyib. Onun sözlərinə görə, indi Çin tarixin yalnız özünün siyasi ehtiyaclarına cavab verən hissələrini qabardır…

Məqalədə qeyd olunur ki, ABŞ-nin Çinə yardımı əsasən “lend-liz” proqramı vasitəsilə həyata keçirilirdi. Prezident Franklin Ruzvelt bu mexanizmi müharibəyə birbaşa qoşulmadan müttəfiqlərə hərbi material göndərmək üçün istifadə edirdi. Çinə həmin dövrdə 700 milyon dollarlıq yardım göstərilib. Bu, ABŞ-nin ümumilikdə 40-a yaxın ölkəyə göndərdiyi 49 milyard dollarlıq yardımdan əhəmiyyətli bir hissə idi. ABŞ könüllü pilotlarının yaratdığı məşhur “Uçan Pələnglər” də Çin ordusuna böyük dəstək verib. 1941-ci ildə Perl Harbora hücumdan sonra prezident Ruzvelt general Cozef Stilveli Çinə hərbi müşavir kimi göndərmişdi.

Şanxay Pedaqoji Universitetinin professoru Su Ciliang bildirib ki, ABŞ-nin yardımı Çinə kritik dərəcədə vacib olub. Eyni zamanda o qeyd edib ki, SSRİ-nin dəstəyi, xüsusilə 1930-cu illərdə Vuhanda sovet pilotlarının iştirakı kifayət qədər işıqlandırılmayıb.

“Yəqin ki, Tramp da bunu nəzərdə tutub deyir”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin təmin edilməsində ABŞ-nin rolu şübhəsizdir. “Yəni ABŞ SSRİ-yə silah yardımı da, ərzaq yardımı da etdi. Sonra ikinci cəbhənin açılması ilə alman faşizmi üzərində qələbədə mühüm rol oynadı. Amma sovet tarixşünaslığı bu faktın üzərindən sükutla keçib. Yəni SSRİ bu yardımları qabartmırdı və qələbədə əsasən öz rolunu şişirtmək istəyirdi. Əlbəttə ki, ABŞ-ın SSRİ-yə yardımları həm də Uzaq Şərqdə gedən müharibəyə təsir etdi. Yəni bu dövrdə Çinin militarist Yaponiyanın təhlükələrinə qarşı apardığı müharibədə ABŞ-ın SSRİ-yə göstərdiyi kömək, SSRİ-nin də Çinə dəstəyi onu deməyə əsas verir ki, bəli, burda Amerikanın rolu var”.

M.Zülfüqarlının sözlərinə görə, müharibənin qısa müddətdə qurtarması, 1945-ci ildə ABŞ-ın Yaponiyanın iki şəhərini bombalaması Yaponiyanın təslimçikik aktına imza atmasına səbəb oldu: “Baxmayaraq ki, bu, bəşəriyyətə qarşı cinayət idi, iki atom bombasından dinc əhali qırılmışdı. Amma Amerika tarixçiləri binu humanist addım kimi qiymətləndirirdi ki, əgər bu atom bombaları atılmasaydı müharibə daha uzun çəkərdi və daha çox insan qırılardı. Məntiqlə düşünəndə belə qənaətə gəlmək olar ki, həqiqətən o iki atom bombası atılmasaydı sentyabrın 2-də İkinci Dünya müharibəsi bitməyəcəkdi, uzun müddət 1 milyonluq Kvantun ordusuna qalib gəlmək mümkün olmayacaqdı. Və bu da deməyə əsas verir ki, daha çox insan qırıla bilərdi və nəticənin də nə olacağını qabaqcadan demək çətindir. Amma əlbəttə ki, faşist Almaniyası üzərində qələbədən sonra bütün böyük dövlətlər gücünü Yaponiyaya qarşı yönəldəcəkdi. Amma hər halda müharibənin uzun çəkməsi böyük qırğınlara səbəb olacaqdı. Bu mənada Yaponiyanın qısa müddətdə təslim olması müsbət idi və Xirosima-Naqasaki olayının Uzaq Şərqdəki ölkələrə - Çinə, Monqolustana, Cənubi Koreyaya ABŞ-ın bilavasitə dəstəyi kimi də qəbul etmək olar. Yəni müharibəyə ABŞ-ın atdığı atom bombaları son qoyubsa, bunu həmin ölkələri qırğından, uzun çəkən ağır müharibədən xilas etmək üçün ABŞ-ın yardımı kimi dəyərləndirmək olar. Yəqin ki, Tramp da bunu nəzərdə tutub deyir”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA

Chosen
85
baki-xeber.com

1Sources