EN

Yadlar üçün doğulanlar: Ailə işgəncəsi, valideynlik borcu, Məcəllənin 64 cü maddəsi... ARAŞDIRMA

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Uşaqların təhlükəsizliyi cəmiyyətin ən həssas mövzularından biridir. Son günlər baş verən hadisələr dünyanın bu məsum varlıqlarının özlərini harada, kiminlə, necə təhlükəsiz hiss edə biləcəyi məsələsini yenidən gündəmə gətirib. Çox uzağa getməyək, ötən həftələrdə baş verən hadisələri xatırlayaq: Ağdamın Xındırıstan kəndində 2 və 3 yaşlı uşaqların valideynləri tərəfindən döyülərək xəsarət alması, həmçinin Bakının Sabunçu qəsəbəsində bir yeniyetmənin qəyyumu olan xalası tərəfindən zorakılığa məruz qalması cəmiyyətdə böyük ajiotaj yaratdı.

İki yaşlı körpənin bədənindəki işgəncə izləri olan fotoları, 14 yaşlı uşağın isə qırxılmış saçı və üz ifadəsi ilə qan donduran o məlum videosu gözlərimizin önündən getmir. Bir az da uzağa getsək, anası tərəfindən cəza verilən, fiziki, psixoloji işgəncəyə məruz qalan Mələk qızımız...

Siyahı olduqca uzundur, amma məqsəd onları xatırladıb yaranı bir az da qanatmaq deyil, əksinə, vacib olan məqamlara işıq tutmaqdır.

Ağdamdakı azyaşlılarla bağlı məsələdə diqqət çəkən vacib detal var. Hazırda xəstəxana şəraitində müalicə alan azyaşlılardan biri ötən il ailədə şiddət gördüyünə görə körpələr evinə verilib.

Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaqla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 11.06.2025-ci il tarixli qətnaməsində azyaşlının anasının himayəsinə qaytarılmasına qərar verib. Bir neçə ay sonrakı nəticə isə hər kəsin gözü qabağındadır: uşağın bədənindəki xəsarət izlərinin əksi olan fotolar...

Mütəxəssislər hesab edirlər ki, ailədə davamlı şiddət görən övladların bir müddət reabilitasiya keçdikdən sonra yenidən ailələrə qaytarılması məqsədəuyğun deyil, yaxud bu baş verərsə olduqca ciddi qiymətləndirilmə aparılmalı və məsələnin hər tərəfi müzakirə olunmalıdır.

Azərbaycanda valideynlər valideynlik hüququndan hansı hallarda məhrum edilməlidir? Bu hüquq necə bərpa edilir? Uşaq hansı hallarda ailəyə geri qaytarıla bilər?

Moderator.az bildirir ki, Teleqraf-ın növbəti araşdırması bu suallar ətrafındadır.

“Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir”

Mövzu ilə bağlı Teleqraf-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib ki, uşaqların hüquqlarının qorunması, onların sağlam mühitdə böyüməsi və gələcəkdə layiqli vətəndaş kimi formalaşması dövlətimizin əsas prioritetlərindən biridir:

"Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Eyni zamanda, Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetmə halları təsbit edilib. Valideynin uşağa qarşı zorakı münasibəti, onun əsas ehtiyaclarını qarşılamaması, uşağın təlim-tərbiyəsi ilə qətiyyən maraqlanmaması, sağlamlığını və təhlükəsizliyini qəsdən təhlükəyə atması valideynlik hüququndan məhrum edilməyə əsas verir. Burada əsas meyar uşağın təhlükəsizliyinin və maraqlarının üstün tutulmasıdır".

"Uşağın yenidən zorakılıq mühitinə qaytarılması mümkün deyil"

O bildirib ki, əgər uşaq ailədən götürüldükdən sonra valideynlər öz davranışlarını köklü şəkildə dəyişirsə, zorakılıq hallarını aradan qaldırırsa, sosial reabilitasiyadan keçir və uşağın sağlam inkişafı üçün şərait yaradırsa, müəyyən şərtlərlə uşağın yenidən ailəyə qaytarılması mümkündür.

"Lakin bu proses yalnız ciddi nəzarət altında, psixoloq və sosial işçilərin mütəmadi müşahidəsi ilə aparılmalıdır. Əks halda, uşağın yenidən zorakılıq mühitinə qaytarılması mümkün deyil.

Uşağın maraqları hər zaman prioritet olmalıdır. Hər bir valideyn üçün uşağın həyatından, sağlamlığından və xoşbəxt gələcəyindən üstün heç nə ola bilməz. Hər bir valideynin borcu uşaqların təhlükəsiz mühitdə böyüməsini təmin etməkdir", - deputat əlavə edib.

Şiddətlə qarşılaşan uşaqlarla bağlı dövlət qurumlarına məlumat veriləndə onlar hərəkətə keçirlər. Həmin uşaqlar tapılıb ya ilkin etapda səhiyyə müəssisələrinə yönləndirilir, yaxud reabilitasiya cəlb olunaraq dövlət tərəfindən himayə olunur. Bu müddət başa çatanda uşağın ailəyə, yaxud körpələr evinə verilməsi ilə bağlı qərar qəbul olunur.

Ata-ana hansı hallarda valideynlik hüququndan məhrum edilir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsindən bildirilib ki, Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüququndan məhrum edilmənin halları təsbit edilib:

"Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlər bu hüquqdan məhrum edilir".

Sonradan həmin hüquq bərpa edilir?

Şöbədən valideynlərin uşağa qarşı münasibəti dəyişdikdə, uşağın tərbiyəsi ilə bağlı davranışlarında müsbət irəliləyişlər müşahidə olunarsa, valideynlik hüquqlarının bərpa edildiyi deyilib:

“Bu mərhələ məhkəmə yolu ilə həll edilir. Eyni zamanda Məcəllənin tələbinə görə 10 yaşına çatmış uşağın razılığı ilə valideynlik hüquqları bərpası mümkün sayılır. Uşaq övladlığa götürülübsə və övladlığa götürmə ləğv edilməyibsə, valideynlik hüquqları bərpa edilə bilməz”.

Ailələr necə qiymətləndirilir?

Sosial Xidmətlər Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, agentliyə valideyn himayəsindən məhrum olmuş uşaqların öz bioloji ailələrinə (qanuni nümayəndələrinə) qaytarılması ilə bağlı müraciətlər daxil olduqda müvafiq olaraq qiymətləndirmə həyata keçirilir.

Bildirilib ki, əsasən uşağa fiziki qulluq (tibbi, qidalanma, qayğı dairəsi), emosional qayğı, uşağın inkişafına və təhsilinə dəstək, eləcə də maddi məişət vəziyyətinin uşağın inkişafına təsiri qiymətləndirilir.

Uşaq ailəyə qayıtdıqdan sonra onu nə gözləyir?

Qurumdan bildirilib ki, ailəyə qaytarılan uşaqlarla bağlı bir il monitorinq aparılır.

“Qiymətləndirmə nəticəsində uşağın müəssisəyə yerləşmə səbəblərinin aradan qaldırılması müşahidə edilərsə, uşağın ailə himayəsinə qaytarılması qərarı verilə bilər. Bu zaman hər bir uşağın (7 yaşdan yuxarı uşağın fikri nəzərə alına bilər, 10 yaş və yuxarı olan uşağın fikri isə mütləq nəzərə alınır) ailə himayəsinə qayıtmaq istəyi və ailə üzvlərinin uşağın qəbul edilməsi ilə bağlı razılıq verməsi zəruri hesab edilir.

Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra 1 il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparılır. Həmin monitorinq nəticəsində uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum dərhal uşağı ailədən alıb sosial xidmət müəssisəsinə yerləşdirir və bu barədə prokurora məlumat verir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın yerləşdirilməsindən sonra 10 iş günü müddətində məhkəməyə valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər”, - məlumatda qeyd olunub.

“Bu, böyük bir sualdır”

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, valideynlik hüququndan məhrum edilmə halları ilə çox az qarşılaşıb:

“İndiyədək sığınacağımıza yönləndirilən valideyni tərəfindən işgəncəyə məruz qalmış uşaqlar arasından valideynlik hüququndan məhrum edilmə hallarını çox müşahidə etməmişik. Bu, çox az hallarda olub. O da məsələ ictimailəşəndə, məhkəmə qərarı və həbs olunma halında baş verib. İctimailəşməyən işlər araşdırılsa orada nə ilə qarşılaşarıq, bu, böyük bir sualdır”.

Birlik sədrinin sözlərinə görə, uşaqların reabilitasiyası bitdikdən sonra lazimi monitorinq aparılmır:

"Bir çox hallarda hadisələr ailələrin diqqətsizliyindən baş verir. Məsələn, 13 yaşlı bir qız 30 nəfər tərəfindən zorakılığa məruz qalır. Sual vermək istəyirəm ki, valideynin bu situasiyada hansı öhdəlik məsuliyyətləri yaranır?! Onların valideynlik hüquqlarının məhdudlaşdırılmasını görmək mümkündür?! Dərindən axtarsaq, görünməlidir. Buna görə, sosial təhlükəli vəziyyətdə olan uşaqların valideynləri valideynlik hüquqlarının məhdudlaşdırılması kateqoriyasına düşə bilər. Burada maarifləndirmə işlərinin aparılması olduqca önəmlidir. Əgər ailədə zorakılıq baş verirsə, o uşaq ailəyə necə qayıda bilər?!

Sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası bitdikdən sonra onların davamlı monitorinqi aparılmır. Araşdırma cinayət tərkibli işlərdə hüquq-mühafizə orqanlarının, ailədə və ya müəssisədə uşağın vəziyyətinin araşdırılması isə monitorinq aparan qurumların üzərinə düşür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
2
moderator.az

3Sources