EN

Naibə Behbudova: "Xeyriyyəçilik həm şərəfdir, həm də mənəvi təskinlikdir"

5 sentyabr – Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova QHT.az-a açıqlama verib.

Onun sözlərinə görə, xeyriyyəçilik insan həyatında həm mənəvi rahatlıq, həm də cəmiyyət üçün əvəzsiz dəyərdir:

“Xeyriyyəçilikdən gözəl nə var ki... İnsan olan yerdə həm mənəvi rahatçılıq, həm də dəstək tapmaq mümkündür. Ən əsas diqqətə ehtiyacı olan həssas qruplardır. Dövlətimiz həmişə şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət və qayğı göstərir. Cəmiyyət olaraq biz də bu sahədə həm maddi, həm də mənəvi dəstək olmalıyıq. Bu, bizim üçün həm şərəfdir, həm də lazımdır”, – deyə Naibə Behbudova bildirib.

Birliyin sədri xeyriyyəçilik ənənələrinin tariximizdə həmişə mövcud olduğunu da xatırladıb:

“Biz elə bir xalqın övladlarıyıq ki, tarixən xeyriyyəçilərimiz olub. Onların bəzilərinin böyük imkanları vardı, amma xeyriyyəçilik üçün milyonların olması şərt deyil. Cüzi bir yaxşılıq da, güclü bir xeyirxahlıq da böyük əhəmiyyət kəsb edir”.

Naibə Behbudova vurğulayıb ki, Birlik şəhid ailələri və qazilərin müraciətlərini diqqətlə nəzərdən keçirir və imkan daxilində onlara dəstək göstərir:

“Torpaqlarımız işğaldan azad olunandan sonra şəhidlərimizin və qazilərimizin sayı çoxdur. Onların müraciətləri də təbii ki, çoxdur. Büdcəmiz məhdud olsa da, çalışırıq ki, gücümüz çatan qədər maddi və mənəvi dəstək olaq, onların istəklərinə biganə qalmayaq”.

 

Pərvanə Fərhadqızı

Chosen
98
qht.az

1Sources