EN

Elnur Məmmədov:”Peru Azərbaycanla viza rejimini tamamilə ləğv etməyi təklif edir”

Ajans.az xəbər verir ki,bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Perunun "Andina" xəbər agentliyinə müsahibəsində məlumat verib. “2013-cü ildə Peru ilə diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalanmışdı. Hazırda Peru bu razılaşmanın bütün pasport növlərini əhatə etməsini təklif edir”, – deyə diplomat bildirib. Nazir müavininin sözlərinə görə, iki ölkə arasında turist axınının artması əsasən iki faktordan – birbaşa aviareyslərin mövcudluğu və vizasız rejimdən asılıdır. “Birbaşa uçuşlar olsa, hər iki istiqamətdə turist axını arta bilər. Hazırda birbaşa reyslər yoxdur. Vizalarla bağlı vəziyyət isə nisbətən rahatdır: Peru vətəndaşları Azərbaycana gəldikdə hava limanında viza ala bilirlər. Prosedur tez və sadədir”, – Məmmədov qeyd edib. Diplomat enerji sahəsində əməkdaşlığı iki ölkə arasında münasibətlərin əsas istiqamətlərindən biri kimi dəyərləndirib. “Biz Peruya neft ixrac edir, LNG (maye təbii qaz) alır və bu sahədə beynəlxalq bazarda aktiv fəaliyyət göstəririk. Son iki ildə Bakı ilə Lima arasında enerji sahəsində önəmli sövdələşmələr baş tutub”, – o əlavə edib. Elnur Məmmədov həmçinin vurğulayıb ki, Azərbaycan Latın Amerikası ölkələri ilə iqtisadi əlaqələri fəal şəkildə genişləndirir. Əməkdaşlığın əsas istiqamətləri sırasında neft və gübrə ticarəti ilə yanaşı, kənd təsərrüfatı və mədənçıxarma – xüsusilə metal hasilatı sahələri də yer alır. “Biz bu regiondan avokado, soya, böyürtkən, zoğal kimi kənd təsərrüfatı məhsulları idxal edirik. Bu səfər çərçivəsində əməkdaşlığın bu sahədə genişləndirilməsi də diqqət mərkəzində olub. Xarici İşlər Nazirliyində keçirilən görüşlər zamanı tərəflər ticarət strukturunu və məhsul portfelinin genişləndirilməsini müzakirə ediblər”, – Məmmədov bildirib. Qeyd edək ki, sentyabrın əvvəlində Lima şəhərində Azərbaycan və Peru xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk raundu keçirilib. Görüş zamanı ikitərəfli münasibətlərin bütün əsas istiqamətləri, o cümlədən iqtisadi, enerji və konsulluq məsələləri müzakirə olunub.

 

Chosen
112
3
Ajans.az

8Sources