ABŞ Dövlət Departamenti, Orta Amerika ölkələrində Çin Kommunist Partiyası (ÇKP) ilə əməkdaşlıq edən, partiyaya dəstək verən və onu maliyyələşdirən Orta Amerika vətəndaşlarına qarşı yeni viza məhdudiyyətləri tətbiq olunduğunu elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Departamentin yaydığı açıqlamada, bu yeni viza siyasətinin detalları açıqlanıb. Bildirilib ki, ABŞ Çin adından fəaliyyət göstərən, bölgədə hüququn aliliyini zəiflədən fəaliyyətləri yönləndirən, təsdiqləyən, maliyyələşdirən və ya bu fəaliyyətlərə əhəmiyyətli dəstək verən Orta Amerika vətəndaşlarına viza məhdudiyyətləri tətbiq etməyə imkan verən yeni siyasətini işə salıb.
Açıqlamada həmçinin qeyd olunub ki, bu çərçivədə daha əvvəl bu cür fəaliyyətlərdə iştirak etmiş bəzi şəxslərə qarşı viza məhdudiyyətlərinin tətbiqi üçün addımlar atılıb.
Bu şəxslərin və onların birinci dərəcəli ailə üzvlərinin ümumilikdə ABŞ-ə girişinə icazə verilməyəcəyi vurğulanıb.