EN

Əfqanıstanda üçüncü zəlzələ: Ölənlərin sayı artmaqda davam edir

Ajans.az BBC-ə istinadən xəbər verir ki,zəlzələ yerli vaxtla saat 20:56-da (15:36) baş verib və dayaz olması səbəbilə təsiri daha geniş hiss olunub. Hələlik son zəlzələ nəticəsində insan tələfatı barədə rəsmi məlumat verilməyib. Lakin BBC-yə danışan yerli həkimlər Kunar əyalət xəstəxanasına azı 17 yaralının yerləşdirildiyini bildiriblər. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Taliban hökumətinin sözçüsü Həmdullah Fitrat bildirib ki, müxtəlif ərazilərdə çadır düşərgələri qurulub, ilkin tibbi yardım və digər zəruri ləvazimatların bölgəyə çatdırılması davam edir. Bazar günü baş verən ilk zəlzələ xüsusilə dağıdıcı olub. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin (OCHA) məlumatına görə, həmin zəlzələ nəticəsində azı 1368 nəfər ölüb, 2180 nəfər yaralanıb. Məlumat 25 kənddən toplanan ilkin rəqəmlərə əsaslanır. Ərazidəki dağlıq relyef və zəif infrastruktur xilasetmə işlərini xeyli çətinləşdirir. Üstəlik, çərşənbə axşamı baş verən 5,5 bal gücündə ikinci zəlzələ torpaq sürüşmələrinə səbəb olaraq bir sıra ucqar kəndlərə yolu bağlayıb və xilasetmə işlərini müvəqqəti dayandırıb. Taliban hökuməti beynəlxalq ictimaiyyətdən yardım istəyib. Artıq Birləşmiş Millətlər Təşkilatı fövqəladə yardım fondlarını aktivləşdirib, Böyük Britaniya isə 1 milyon funt sterlinq (1,3 milyon dollar) dəyərində yardım vəd edib. Əfqanıstan Hindistan və Avrasiya tektonik plitələrinin toqquşma zonasında yerləşdiyinə görə zəlzələlərə son dərəcə həssas bölgə sayılır. 2023-cü ildə Herat vilayətində ardıcıl zəlzələlər nəticəsində 1400-dən çox insan həlak olmuşdu. 2022-ci ildə isə şərqdə baş verən 5,9 bal gücündə zəlzələ ən azı 1000 nəfərin ölümünə, 3000 nəfərin isə yaralanmasına səbəb olmuşdu. Hazırda davam edən təkanlar və artçı zəlzələlər bölgə əhalisini qorxu içində saxlayır. Humanitar təşkilatlar və yerli hökumət təmsilçiləri isə mümkün qədər çox insana yardım çatdırmağa çalışırlar.

 

Chosen
2
Ajans.az

1Sources