EN

Erməni mediası Kiyevdə azərbaycanlı ata-oğulun güllələnməsini çox qabardır...


Rauf Zeyni: “Onların məqsədi Ukrayna-Azərbaycan münasibətlərini zədələməyə, sarsıtmağa yönəlib, bu səbəbdən də bu hadisəyə “etnik zəmində” baş verən hadisə donu geydirib tirajlayırlar”

Ukrayna və Azərbaycan arasında dövlətlərarası münasibətlərin müsbət dinamikada inkişafı, ölkəmizin bu ölkənin ərazi bütövlüyünü dəstəkləməsi, rus təcavüzünü pisləməsi, habelə ora dəfələrlə humanitar yardım göndərməsi Ermənistanda da müəyyən dairələri narahat edir, xüsusən də erməni mediasını.

Bu günlərdə Ukraynanın Kiyev vilayətində iki azərbaycanlının öldürülməsini erməni mətbuatı “etnik zəmində” baş verən hadisə kimi yayır. Guya olayın mahiyyəti etnik səpkilidir.

Erməni mediasının tirajladığı məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin veteranı azərbaycanlı ata-oğulu etnik zəmində güllələyib, həmin şəxs onlardan tələb edib ki, satdıqları pomidoru ona ucuz satsın, onlar da bundan imtina edib, nəhayətdə bu hadisə yaşanıb. Erməni mediası özü yazır ki, hadisəni törədən şəxs dərhal həbs olunub. Hələ azərbaycanlıları güllələyən şəxsin məhkəməsi keçirilməyib, amma indidən erməni mediası iddia edir ki, onun cəbhədəki xidmətlərini nəzərə alıb cəzasının yumşaldılması mümkündür.

Belə bir faciəvi hadisənin baş verməsi, təbii, mənfi haldır. Amma Ukrayna hüquq-mühafizə orqanları cinayət törədən şəxsi həbs edərək hadisəyə lazımı yanaşma sərgiləyib.

Erməni mətbuatı o fikri də tirajlayıb ki, bu hadisə Rusiyada baş vermədiyi üçün guya Azərbaycan mediası bu haqda yazmayıb. Ermənistan mətbuatının bu iddiasının da arxasında məkrli niyyətlər durduğu şübhəsizdir. Rusiya ilə Ukrayana arasında bu yöndə hansısa bənzətmələr etməyin də yersiz olduğu gizlin deyil. Əvvəla, Ukrayanada baş verən bu hadisə etnik zəmində baş verməyib, amma Rusiyada soydaşlarımıza qarşı edilənlər birbaşa ertnik zəmindədir, eyni zamanda da kütləvi xarakter daşıyır.

“Erməni mediası maraqlıdır ki...”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyədidir və bu da erməniləri narahat edir, bu səbəbdən də hansısa bir məsələyə görə baş verən hadisəni dərhal şişirdib tirajlayırlar, məqsəd isə iki ölkə arasında münasibətlərə xələl gətirməkdir. “Erməni mediası maraqlıdır ki, Azərbaycanla Ukrayna arasındakı münasibətlər, o cümlədən xalqlar arasında ictimai etimad münasibətləri yüksək səviyyədə zədələnsin, pozulsun. Onların məqsədi Ukrayna-Azərbaycan münasibətlərini zədələməyə, sarsıtmağa yönəlib, bu səbəbdən də bu hadisəyə “etnik zəmində” baş verən hadisə donu geydirib tirajlayırlar. Hesab edirəm ki, bu hadisənin etnik zəmində baş verdiyi iddiası absurddur. Biz iki-üç insan arasında hansısa mübahisənin güllələnmə ilə nəticələnməsini pisləyirik. Bu yolverilməz bir məsələdir. Heç şübhəsiz, Ukraynanın əlaqədar qurumları hadisəni törədən şəxs barədə hüquqi müstəvidə ölçü götürəcək, o adam artıq həbs olunub. Mən Azərbaycan və Ukrayna ictimaiyyətinə səslənib demək istəyirəm, belə həssas məsələlərdə diqqətli olsunlar, öz davranışlarını ölçüb-biçsinlər ki, erməni mətbuatı, yaxud hansısa başqa bir ölkənin mediası əsassız iddialar tirajlamasın. Bütün hallarda belə insidentləri pisləyirik, amma bunun etnik zəmində baş verdiyini demək olmaz.

Erməni mediası bu hadisəni “etnik zəmində” baş verən olay kimi qələmə verməklə Ukrayna və Azərbaycan arasındakı münasibətlərə kölgə salmaq niyyəti güdür”-deyə R.Zeyni qeyd etdi.

İradə SARIYEVA

Chosen
91
15
baki-xeber.com

10Sources