EN

"Yayılan çaşdırıcı məlumatlar Rusiyanın xoş niyyəti olmadığını göstərir" -Fazil Mustafa

Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, KİV və sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı sığorta vəsaitinin ödənilmədiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Rusiya XİN qeyd edib ki, təyyarəyə tam sığorta ödənişi 1,003 milyard rubl, ölən və yaralananların yaxınlarına ümumilikdə 358,4 milyon rubl ödəniş verilib.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə bildirib ki, sığorta ödənişləri AZAL-ın müqaviləsi çərçivəsində həyata keçirilib və bu ödəniş Azərbaycan hökumətinin Rusiyadan tələb etdiyi kompensasiyaya aid deyil.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, Xarici İşlər Nazirliyinin son açıqlaması ilə məlum oldu ki, təzminat hələ də ödənilməyib:

"Bu, bir daha göstərir ki, məsələnin həlli ilə bağlı qarşı tərəfdən məqsədyönlü şəkildə ictimaiyyəti çaşdırmaq cəhdləri mövcuddur. Belə hallarda Rusiya tərəfinin məsələ ilə bağlı açıq və şəffaf izahat verməsi olduqca vacibdir. Azərbaycan isə öz mövqeyində qalmaqdadır və ölkənin tələbləri beynəlxalq hüquq prinsiplərinə tam uyğun olaraq formalaşdırılıb. Bu tələbləri diqqətdən kənarda saxlamaq və ya görməməzlikdən gəlmək mümkün deyil. Hər hansı şəkildə yayılan çaşdırıcı məlumatlar isə vəziyyətin düzgün qiymətləndirilməsinə xidmət etmir və bunlar, şübhəsiz, xoş niyyətin olmadığını göstərir", - deyə deputat vurğuladı.

Xədicə BAXIŞLI

 

Chosen
23
2
redaktor.az

3Sources