EN

Pakistanda sel və daşqınlar kənd təsərrüfatına böyük ziyan vurub

Pakistan Biznes Forumu (PBF) kənd təsərrüfatında fövqəladə vəziyyətin dərhal elan edilməsinə çağırıb, çünki genişmiqyaslı daşqınlar Pəncabın böyük ərazilərini viran edir və 100 mindən çox insanın təxliyə edildiyi Sindh əyalətində də ciddi fəsadlar törədir, milli ərzaq təhlükəsizliyini və iqtisadi sabitliyi təhlükə altına alır.

AZƏRTAC “Dawn” nəşrinə istinadla xəbər verir ki, Baş nazir Şahbaz Şərifə ünvanlanan məktubda fəlakətli rəqəmlər göstərilib. Belə ki, ilkin qiymətləndirmə Pəncabın mərkəzi və cənubunda düyü məhsulunun təxminən 60 faizinin, pambığın 35 faizinin və şəkər qamışının 30 faizinin məhv olduğunu göstərir.

Bildirilir ki, Çenab, Ravi və Sutlej çayları hövzələrində 1,8 milyondan çox insan daşqınların ciddi təsirinə məruz qalıb, sel suları indi Hind çayı boyunca cənuba doğru hərəkət edir. Məktubda qeyd olunub: “Fəlakətin miqyası heyrətamizdir. Cari maliyyə ili üçün kənd təsərrüfatının əsas hədəfləri indi əlçatmaz ola bilər. Təcili qabaqlayıcı tədbirlər görülməsə, Sindh tezliklə ən ağır fəlakətlə üzləşə bilər”.

PBF bəyan edib ki, itkilər artıq milyardlarla rupiyə çatıb, kənd yerlərinin dolanışıq vasitələrinə təhlükə yaradıb və daha geniş iqtisadiyyata əlavə stres gətirir. Vurğulanıb ki, sürətli, əlaqələndirilmiş tədbirlər görülməsə, böhran uzun sürən humanitar və iqtisadi fövqəladə vəziyyətə çevrilə bilər.

Forum, həmçinin əsas ərzaq bazarlarında yığım və mənfəət əldə etmək hallarının qarşısını almaq üçün əyalətlərdə qiymətlərə nəzarət komitələrini aktivləşdirməyə çağırıb. Kəskin tədarük çatışmazlığı proqnozları fonunda İqtisadi Koordinasiya Komitəsinə (İƏK) daxili qiymət sabitliyini təmin etmək üçün həm dövlət, həm də özəl sektor kanalları vasitəsilə buğda və düyü idxalına icazə vermək tövsiyə edilib.

Chosen
16
2
yeniazerbaycan.com

3Sources