1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
NATO-nun iki müttəfiq dövləti - Fransa və Birləşmiş Ştatlar arasında münasibətlər gərginləşib. Fransada antisemitizm hallarının artması və hökumətin müvafiq addımlar atmaması ABŞ-də narahatlıq yaradıb. İş o yerə çatıb ki, ABŞ Prezidenti Donald Trampın qudası, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bununla bağlı narahatlığını məktubla ifadə edib. Amerikalı diplomat Fransa prezidenti Emmanuel Makronu antisemitizmlə mübarizə üçün kifayət qədər səy göstərməməkdə günahlandırıb. Səfir qeyd edib ki, Fransanın Fələstinin müstəqilliyini tanıyacağını bəyan etməsi "ekstremistləri həvəsləndirir və zorakılığı qızışdırır". Kuşner əlavə edib ki, antisemitizm uzun müddətdir Fransa həyatını kölgələyir, 2023-cü ildə HƏMAS-ın hücumundan sonra isə yeni mərhələyə qədəm qoyub. "Fransada yəhudilərin küçədə hücuma məruz qalmadığı, sinaqoq və məktəblərin təhqir edilmədiyi və yəhudilərə məxsus müəssisələrə hücum olmayan bir gün keçmir. Sizin Daxili İşlər Nazirliyiniz, hətta uşaq bağçalarında da belə insidentlər barədə məlumat verib", - deyə Kuşner iddia edib. O, Makronu "qətiyyətlə hərəkət etməyə", "pozucuları təqib etməyə" və "HƏMAS-a legitimlik verən addımlardan imtinaya" çağırıb.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Kuşnerin ittihamları "qəbuledilməz" adlandırılıb
Fransa Xarici İşlər Nazirliyinin məktuba cavabı sərt olub. Nazirlik Kuşnerin ittihamlarını "qəbuledilməz" adlandırıb. Kuşner Fransa Xarici İşlər Nazirliyinə çağırılıb, lakin Parisdə olmadığını bəhanə edərək, ora getməyib. Xarici siyasət idarəsinə iradları dinləmək üçün daha aşağırütbəli amerikalı diplomat gedib. Fransa XİN bildirib ki, ABŞ səfiri ölkənin daxili işlərinə qarışır və bununla Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur.
Keçmiş vəkil və tikinti maqnatı, multimilyoner
Qeyd edək ki, Kuşner karyera diplomatı deyil. O, keçmiş vəkil və tikinti maqnatı, multimilyoner, ən əsası, ABŞ Prezidenti Donald Trapmın qudasıdır. Onun oğlu Trampın qızı İvanka ilə evlidir. İvanka 2009-cu ildə toydan az əvvəl iudaizmi qəbul edib.
Tramp Kuşneri 30 noyabr 2024-cü ildə ABŞ-nin Fransadakı səfiri vəzifəsinə təyin edib. O, qudasını "parlaq biznesmen" adlandırıb və onun "ABŞ və Fransa arasında tərəfdaşlığı gücləndirmək üçün" Parisə getdiyini bildirib. Yəni Kuşner təkcə ABŞ-nin Fransadakı səfiri kimi deyil, həm də Tramp ailəsinin üzvü kimi tanınır. Ağ Ev başçısının ilk prezidentlik müddəti ərzində Kuşner Trampın baş müşaviri vəzifəsini tutub və ABŞ-nin Yaxın Şərq siyasətini müəyyən edib.

Dövlət Departamenti səfirin mövqeyini müdafiə edib
ABŞ Dövlət Departamenti səfirin mövqeyini müdafiə edib. Kuşner "milli maraqlarımızın təşviqi üçün böyük iş görür", - deyə Dövlət Departamentinin mətbuat katibi müavini Tommi Piqott bildirib.
Diplomatın bəyanatlarının Dövlət Departamenti tərəfindən açıq şəkildə dəstəklənməsi Fransa-ABŞ münasibətlərindəki problemləri daha da ağırlaşdırır və iki ölkənin hakimiyyətlərinin təkcə antisemitizm probleminin qiymətləndirilməsində deyil, digər məsələlərdə də fikir ayrılığı olduğunu göstərir. Əsas fikir ayrılıqlarından biri Yaxın Şərqdəki müharibənin qiymətləndirilməsidir. Fransa Fələstinin bütün Aİ ölkələri tərəfindən tanınması hərəkatının ön sıralarında durur və İsrail Baş naziri Benyamin Netanyahu hökumətinin Qəzza sektorundakı hərəkətlərini fəal şəkildə pisləyir. Yəhudilərin çox güclü olduqları ABŞ üçün bu, qəbuledilməz mövqedir. Tramp və Makron Rusiya-Ukrayna münaqişəsinə münasibətdə də fikir ayrılığına malikdirlər.
Fransa yəhudilərə qarşı cinayətlərin azaldığını açıqlayıb
Fransa Daxili İşlər Nazirliyi isə bu il yəhudilərə qarşı cinayətlərin 27.5% azaldığını bildirib. Antisemit fəallığının artması 2023-cü il 7 oktyabrdan - Yaxın Şərqdə müharibə başlayandan müşahidə olunur. Fransada Avropanın ən böyük yəhudi icması (təxminən yarım milyon insan) və ərəb ölkələrindən milyonlarla mühacir var. Fransa hakimiyyəti antisemitizmlə mübarizə üçün göstərdikləri səylərin kifayət qədər olmadığını düşünmür. Hüquq-mühafizə orqanları səfirin vəziyyəti həddindən artıq şişirtdiyi qənaətindədir. DİN-in məlumatında qeyd olunur ki, "2023-cü ildən bəri Fransada yudofobiya (antisemitizm) zəminində bir dənə də qətl törədilməyib, ABŞ-də isə eyni dövrdə bu cür cinayətlər dəfələrlə baş verib.
ABŞ-Fransa münasibətlərində ciddi ziddiyyətlər
Ehtimal ki, Kuşnerin bəyanatı qarşıdakı hadisələrlə əlaqəlidir. Fransa prezidenti sentyabrda BMT Baş Assambleyasında ölkəsinin Fələstinin müstəqilliyini tanıdığını elan etmək niyyətindədir. Baş verənlər ABŞ-Fransa münasibətlərindəki ciddi ziddiyyətləri üzə çıxarıb. Əgər dünya siyasətinin ən vacib məsələləri - İsrail və Ukrayna ilə bağlı anlaşma əldə edilməzsə, müttəfiq ölkələr arasında tam diplomatik böhran baş verə bilər.
Fransa, çox güman ki, ABŞ səfirinin geri çağırılmasını tələb etmək əvəzinə, ayrı-ayrı radikal müsəlmanların hərəkətlərinin Parisin rəsmi mövqeyinə uyğun olmadığını sübut etməyə çalışacaq. Lakin belə görünür ki, yaxın gələcəkdə ABŞ-Fransa münasibətlərindəki gərginlik artmaqda davam edəcək.