EN

Bu kənddə 100-dən artıq evə içməli su verildi - FOTO

Şamaxının Mərzəndiyyə kəndində içməli su layihəsinin birinci mərhələsi istifadəyə verilib.

News24.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsinin birinci zonasının açılış mərasiminin keçirildiyini açıqlayıb.

Bildirilib ki, mərasimdən əvvəl Şamaxı şəhərində tədbir təşkil olunub. Orada Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, qurum rəhbərləri və əməkdaşları, həmçinin icra hakimiyyəti nümayəndələri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, kənd sakinləri uzun müddətdir bu günü gözləyirdilər və artıq dayanıqlı, keyfiyyətli içməli su ilə təmin olunublar. Layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə icra olunur.

1350 nəfərlik əhalisi və 220 ev təsərrüfatı olan Mərzəndiyyə kəndi üçün layihə iki zona üzrə nəzərdə tutulub. Birinci zonada işlər yekunlaşıb, ikinci zonada isə icra davam edir. Məqsəd bütün ailələrin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsidir.

Layihə çərçivəsində 110 evə su verilib, sayğaclaşdırma prosesi mərhələli şəkildə aparılır və yaxın zamanda bütün 220 evə fərdi çıxış veriləcək. Pirsaat çayı üzərindəki Nəsimi Nasos Stansiyasından 100 m³/saat məhsuldarlığa malik nasos aqreqatı vasitəsilə 5628 metr uzunluğunda, 110 mm diametrli polietilen borularla xətt çəkilib. Kəndin yuxarı hissəsində 63 kubmetrlik su çəni quraşdırılıb, ümumilikdə 6900 metr uzunluğunda yeni şəbəkə yaradılıb.

Kənd sakinləri layihənin icrasında əməyi olan qurum və mütəxəssislərə minnətdarlıqlarını bildiriblər.


Chosen
85
20
news24.az

10Sources