Xəbər verdiyimiz kimi, avqustun 30-da Ermənistanın Baş naziri Nikol Paşinyanın Çinə səfəri zamanı təyyarəsinin Azərbaycan üzərindən uçduğu açıqlanıb.
İrəvanın bunun üçün Bakıya müraciət etdiyi və razılıq aldığı bildirilib.
“Hetq Armenia”nın məlumatına görə, elə həmin gündən etibarən Ermənistan aviaşirkətlərinə məxsus mülki təyyarələrin də Azərbaycan üzərindən digər ölkələyə uçuşu başlayıb.
Nəşr yazır ki, avqustun 8-i Vaşinqton görüşündə əldə olunan sülh razılaşmasına kimi heç bir Ermənistan təyyarəsi Azərbaycan hava məkanına daxil olmayıb. Əlavə xərc və yolun uzanmasına səbəb olsa belə, qonşu ölkələr üzərindən uçuş həyata keçirilib. Lakin 2021-ci ildən etibarən Azərbaycana məxsus mülki təyyarələr sərbəst şəkildə Ermənistan üzərindən Naxçıvana uçuş həyata keçiriblər. Çünki iki ölkə arasında hava məkanı ilə bağlı heç bir zaman (44 günlük müharibə müddəti istisna) qadağa olmayıb və bu proses beynəlxalq qaydalara uyğun şəkildə tənzimlənib. Digər ölkənin hava məkanından istifadə edən tərəf müvafiq ödəniş həyata keçirir. Sadəcə Ermənistan şirkətləri buna cəsarət etməyiblər.
Buna baxmayaraq, Paşinyanın təyyarəsinin Azərbaycan üzərindən uçuşuna icazə verildikdən sonra mülki təyyarələr də eyni sexm üzrə hərəkət etməyə başlayıblar. Məsələn, avqustun 30-da “Şirak Avia”ya məxsus təyyarə İrəvandan Krasnoyarska uçub və geri qayıdıb. Eyni şirkətə məxsus başqa bir mülki təyyarə isə avqustun 31-də Azərbaycan üzərində Novosibirskə uçub və ölkəyə dönüb.

Həmçinin “Flyuan Armenia” şirkətinə məxsus təyyarə 2 sentyabrda Azərbaycan üzərindən Yekaterinburqa üçüb, 5 sentyabrda eyni yolla geri qayıdıb.

Qeyd edək ki, Ermənistan KİV illər sonra erməniləri daşıyan hansısa təyyarənin Azərbaycan üzərində bu qədər uzun uçuş həyata keçirdiyini yazıb.
Globalinfo.az