EN

Diabetin fərqli və yeni forması rəsmi olaraq tanındı

Tip 5 diabet artıq Beynəlxalq Diabet Federasiyası tərəfindən ayrıca forma kimi qəbul edilib.

E-saglam.az xəbər verir ki, adına baxmayaraq, diabet yalnız 1 və 2-ci tiplə məhdudlaşmır – əslində çoxsaylı formaları var və onların hər birinin səbəbi və müalicə yanaşması fərqlidir.

Tip 1

Autoimmun reaksiyanın nəticəsi olaraq mədəaltı vəzinin insulin istehsal edən hüceyrələri zədələnir. Adətən insulin inyeksiyası və ya nasoslarla ömürlük müalicə tələb olunur. Son illərdə kök hüceyrə və donor hüceyrə transplantasiyası ümidverici nəticələr göstərsə də, hələ geniş yayılmayıb.

Tip 2

Ən çox rast gəlinən formadır. Çox vaxt artıq çəki ilə əlaqələndirilir, lakin normal çəkili insanlarda da, xüsusilə genetik meyli olanlarda müşahidə oluna bilər. Müalicə pəhriz, fiziki aktivlik və müxtəlif dərmanlarla həyata keçirilir. Metformin bu dərmanların ən geniş istifadə edilənidir.

Gestasion diabet

Hamiləlik dövründə, xüsusilə 24–28-ci həftələr arasında ortaya çıxır. Hormonal dəyişikliklər orqanizmin insulini qəbulunu çətinləşdirir. Əksər hallarda pəhriz və idmanla idarə oluna bilir, amma bəzi hallarda insulin lazımdır.

Nadir formalar

Bura genetik dəyişikliklərdən qaynaqlanan neonatal və MODY diabet, pankreasın zədələnməsi ilə yaranan tip 3c, eləcə də kistik fibrozla əlaqəli diabet daxildir.

Tip 5

Yeni tanınmış bu forma əsasən az qidalanma ilə bağlıdır və daha çox aşağı gəlirli ölkələrdə müşahidə olunur. Dünyada 20–25 milyon insanı əhatə etdiyi təxmin edilir. Bu halda insulin çatışmazlığı immun sistemindən qaynaqlanmır, əksinə uşaqlıq və gənclikdə qeyri-kafi qidalanma nəticəsində mədəaltı vəzinin tam inkişaf etməməsi ilə bağlıdır.

Mütəxəssislər bildirirlər ki, diabet bir xəstəlik deyil, müxtəlif səbəblərdən yaranan geniş bir sindromdur. Onun dəqiq formalarını müəyyənləşdirmək düzgün müalicə və qlobal sağlamlıq yanaşması üçün vacibdir. Tip 5-in rəsmi olaraq tanınması xüsusən inkişaf etməkdə olan ölkələrdə diqqəti daha çox qidalanma və profilaktik tədbirlərə yönəldəcək.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
2
e-saglam.az

1Sources