EN

Konor Makqreqor prezident olmaq istəyir

Ajans.az TİME-a istinadən xəbər verir ki,37 yaşlı Makqreqor sentyabrın 4-də sosial şəbəkələrdə yayımladığı videomüraciətində tərəfdarlarına yerli şura üzvləri ilə əlaqə saxlayaraq onun prezidentliyə namizədliyini irəli sürmələrini xahiş etməyə çağırıb. Lakin qanunvericiliyə əsasən, o, 234 yerli parlament üzvündən ən azı 20-nin dəstəyini qazanmalı və ya ən azı 4 yerli şuranın rəsmi təsdiqini almalıdır. Bu dəstəyi almaq üçün isə 24 sentyabra qədər vaxtı var. Makqreqor videoda evsizlik problemini və miqrasiya siyasətini tənqid edərək hökumətin İrlandiya vətəndaşlarını arxa plana atdığını iddia edib. O, özünü “döyüş döyüşünün ustası” və “həll yönümlü lider” kimi təqdim edərək İrlandiyanın gələcəyi üçün ciddi dəyişikliklər vəd edib. Lakin bu iddialı çıxışa baxmayaraq, Makqreqorun kampaniyasının uğur qazanacağı şübhə altındadır. Son illərdə onun adı bir neçə cinsi təcavüz və zorakılıq ittihamlarında hallanıb, bu isə onun ictimai nüfuzuna zərbə vurub. Bundan əlavə, Makqreqor Donald Tramp və ifrat sağçı dairələrlə yaxın münasibətləri, sosial şəbəkələrdə isə immiqrasiya əleyhinə ritorikası ilə də gündəmə gəlib. İrlandiya prezidentliyi əsasən simvolik xarakter daşıyır və hər yeddi ildən bir birbaşa seçkilərlə müəyyən edilir. 35 yaşını tamamlayan istənilən vətəndaş namizədliyini irəli sürə bilər. Hazırda vəzifəsini tərk etməyə hazırlaşan Michael D. Higginsin yerinə yalnız iki rəsmi namizədin təsdiqləndiyi bildirilir. Prezident seçkiləri oktyabrın 24-də keçiriləcək. Makqreqorun adı hələlik rəsmi siyahıya daxil edilməyib. Onun siyasi ambisiyalarının gerçəkləşib-gerçəkləşməyəcəyi isə yaxın günlərdə bəlli olacaq.

 

Chosen
50
Ajans.az

1Sources