EN

Atilla Oral və Nuru paşa - FOTOLAR

BAKI, 8 sentyabr. TELEQRAF

Elmi işimlə bağlı Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın İkinci Dünya müharibəsi illərində Almaniyadakı fəaliyyətini araşdırarkən mərhum tədqiqatçı Atilla Oralın kitabına da nəzər yetirdim. Müvafiq bölümü oxuyarkən bir tərəfdən də İstanbulda onunla həmsöhbət olduğum anlar yadıma düşdü.

2016-cı ilin 17 noyabr günü idi. İstanbulda Tüyap kitab festivalı keçirilirdi. Türkiyənin ən böyük kitab sərgi-yarmarkasında ilk dəfə iştirak edirdim. Saysız-hesabsız kitab mağazalarının arasında Nuru paşanın təsvirləri ilə bəzədilmiş bir nəşriyyat stendini gördüm: Demkar Yayınevi.

Atilla Oralın min səhifəyə yaxın, zəngin fotoşəkillərdən və qaynaqlardan ibarət kitabı yenicə işıq üzü görmüşdü, ona görə də böyük zəhmətinin məhsulunu tanıtmağa çalışırdı. Sadə geyimi ilə yazardan və nəşriyyat sahibindən daha çox mağazanın işçisinə bənzəyən Atilla bəy yaxınlaşan hər oxucuya əsərini göstərir, 120 lirə (o vaxt təxminən 60 manat) olan kitabı əlli faiz endirimlə təklif edirdi. Sosial mediadan tanış olduğumuz üçün yaxınlaşdım, salamlaşdıq, söhbət etdik, hətta ayaqüstü “Teleqraf” üçün qısa bir müsahibə də aldım. Daha sonra kitabını mənə də təklif etdi. İstanbula yeni gəldiyim üçün hər lirənin hesabını aparırdım. Ona görə də ürəyim kitabın yanında qalsa da, nəzakətli şəkildə imtina etdim. Amma kitabı və kitabsevərləri çox yaxşı tanıyan Atilla bəy sakit şəkildə dedi: “Sənə kağız qiymətinə təklif edirəm – 30 lirəyə.”

Şübhəsiz ki, Atilla bəy bu təklifi sadəcə kitabım satılsın deyə etməmişdi. Azərbaycanı və azərbaycanlıları sevən biri kimi, nəşriyyatı da zərərə düşməsin deyə əsəri mətbəə xərci qiymətinə təklif etmişdi. Kitabı aldım, o da imzaladı. Aradan ötən doqquz ildə tez-tez baxdığım həmin kitab həm İstanbuldan, həm də Atilla bəydən mənə yadigar qalıb.

Atilla bəy vəziyyətimi anladığı üçündür ki, bir dəfə Taksimdə bukinistlərin birində rastlaşanda mənə iş də təklif etdi. Qısa hal-əhvaldan sonra soruşdu: “Tezgahtarlıq edə bilərsənmi?” İlk dəfə idi bu sözü eşidirdim, nə olduğunu soruşdum. O da rahatlıqla izah etdi: “Mən sənə bir əl arabası və kitablar verəcəyəm, sən də satarsan, xərclərini çıxararsan.”

Əlbəttə, dolanışıq üçün heç bir iş ayıb deyildi. Xüsusən də İstanbul kimi bahalı şəhərdə insanlar tapa bildikləri hər işdə çalışırdılar. Atilla bəy özü də zəngin arxivi və qaynaqları olan biri kimi kitabçılıqla məşğul olurdu. Təklifi də çox yaxşı idi. Amma yazmaqdan başqa bir iş bacarmadığım üçün təşəkkür etsəm də, bu nəcib davranışını heç vaxt unutmadım.

Nuru paşa haqqında kitabından əlavə Atilla bəyin 10 əsəri də işıq üzü görüb. Cümhuriyyət tarixi mövzularına xüsusi diqqət ayıran Oralın qurucusu olduğu nəşriyyatda Atatürkə həsr edilmiş əsər də çap olunub.

Atilla bəyin arzuları da milli idi. Bakının azad edilməsinin 100 illiyində paytaxtımızın ən gözəl meydanında Nuru paşa və Qafqaz İslam Ordusuna abidə qoyulmasını istəyirdi. Onun təşəbbüsü ilə bu gün Nuru paşanın silah fabrikinin yerləşdiyi ərazidə “Nuri Killigil” parkı salınıb. Onun fədakarlığı nəticəsində həm Nuru paşanın, həm də fabrikdəki partlayışda həlak olanların məzarları təmir olunub.

Atilla Oral 3 noyabr 1962-ci ildə Kocaelinin Karamürsel qəsəbəsində dünyaya gəlmişdi. Onun ataları 1877–1878-ci il rus-türk müharibəsi zamanı Saraybosnadan köçərək bu şəhərə yerləşmişdilər. İlk və orta təhsilini Kocaelidə, lisey təhsilini İzmitdə almış, daha sonra İstanbul Memar Sinan Gözəl Sənətlər Universitetindən məzun olmuşdu.

Təəssüf ki, kitabçılıq kimi fədakar bir işlə məşğul olan Atilla bəy xərçəng xəstəliyinə məğlub oldu. 13 noyabr 2021-ci ildə vəfat etdi və doğulduğu şəhərdə dəfn olundu.

Son söhbətlərimizin birində Atilla bəy Nuru paşa haqqında kitabının Azərbaycan dilində də çap olunacağını demişdi. Ümid edirik ki, zəngin məlumatlar və nadir kolleksiya nümunələri əsasında yazılmış həmin kitab ölkəmizdə də işıq üzü görəcək, Nuru paşanın və Atilla Oralın ruhu şad olacaqdır.

Chosen
39
teleqraf.com

1Sources