EN

Səfir: Çin TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun roluna böyük əhəmiyyət verir

Bakı, 8 sentyabr, AZƏRTAC

Çin və Azərbaycan arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə tikintisi öz səmərəli nəticələrini verib. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk dövlətlərdən biri olub. Çin regional əlaqələrin genişləndirilməsində, regional iqtisadi inkişafın təşviqində və qlobal istehsal, təchizat zəncirinin sabitliyinin təmin edilməsində TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) roluna böyük əhəmiyyət verir.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə son səfərinin nəticələrinə həsr olunmuş brifinqdə deyib.

“Çin, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə TBNM arasında sürətli anlaşmanı fəal təşfiq edir. Bu ilin yeddi ayı ərzində Çindən 225 blok qatar qəbul olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. İlin sonuna qədər isə 400-dən çox blok qatarının qəbul ediləcəyi gözlənilir. Bu ilin əvvəlindən Pekin və Çinin Şanşi, Quanqdun və Çjetszyan vilayətlərindən Azərbaycan üzərindən tranzit şəkildə Avropaya TransXəzər marşrutu ilə Çin–Avropa qatarları uğurla göndərilib. Sabah mən Çjetszyandan Bakıya gələcək Çin–Avropa yük qatarının qəbulu mərasimində iştirak edəcəyəm. İki ölkə arasında yaşıl energetika sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. Çin texnologiyaları və avadanlıqları Azərbaycana “yaşıl inkişafı” həyata keçirmək imkanı yaradır. Bu ilin iyun ayında Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyası olan “8 Noyabr” istifadəyə verildi və onun təchizatında Çin şirkətləri iştirak etdilər. Elektrik stansiyasının açılış mərasimində Prezident İlham Əliyev Çin şirkətlərinin stansiyanın tikintisinə verdiyi töhfəni yüksək qiymətləndirərək layihəni beynəlxalq əməkdaşlıqda yaxşı nümunə adlandırdı”, - deyə çinli səfir qeyd edib.

Lu Mey hazırda 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının tikintisi layihəsinin uğurla həyata keçirildiyini, bu layihənin Azərbaycanın külək enerjisi ilə bağlı ən iri layihə olduğunu vurğulayıb. Səfir bu külək elektrik stansiyasının tikintisində də Çin şirkətinin iştirak etdiyini sözlərinə əlavə edib: “Yaxın vaxtlarda isə 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisinə rəsmi start veriləcək. Bu, Azərbaycanda hərrac nəticəsində həyata keçirilən və Çinin sərmayə qoyduğu ilk bərpaolunan enerji layihəsidir. İki tərəfin səyləri nəticəsində yaxın gələcəkdə Azərbaycanda elektrik avtobuslarının istehsalı müəssisəsi işə salınacaq”.

Chosen
64
2
azertag.az

3Sources