“Goldman Sachs bildirir ki, əgər FED-in müstəqilliyi itirilərsə — necə ki, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın müstəqilliyini şübhə altına almış və nəticədə lirə kəskin ucuzlaşmışdı — dollar və qızıl qiymətlərində ciddi dalğalanmalar yarana bilər. Dünyada bankların hökumətdən ayrı və müstəqil olması qəbul edilmiş bir reallıqdır və maliyyə sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. FED-in müstəqilliyi sual altına düşsə, yəni inzibati hakimiyyətin tapşırıqlarını icra edən bir quruma çevrilərsə, bazarlarda qeyri-müəyyənlik kəskin arta bilər, dollar ucuzlaşa və qızıl qiymətləri yüksələ bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Qeyd edək ki, son vaxtlar qızılın qiyməti ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Məsələn, “Goldman Sachs Group Inc” bildirir ki, əgər Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi zəifləsə və investorlar ABŞ Xəzinə istiqrazlarında saxladıqları vəsaitin bir hissəsini qızıla yönəltməyə qərar versələr, onun qiyməti bir unsiya üçün təxminən 5000 dollaradək yüksələ bilər.
Ekspert qeyd edib ki, bu, mümkün kəskin ssenarilərdən biridir, amma hazırda baş vermə ehtimalı azdır.
“Tramp administrasiyası da FED-in müstəqilliyinin itirilməsini istəmir. Əgər bu niyyət olsaydı, artıq addımlar atılardı. Hazırkı vəziyyətdə məqsəd görünüşdə müstəqilliyi qorumaq, lakin faktiki olaraq tabe olma imkanını saxlamaqdır. Çünki FED-in müstəqilliyinin itirilməsi biznes maraqlarına ziyan vurardı. Tramp hakimiyyəti isə açıq şəkildə biznesə yönəlmiş siyasət yürüdür və bütün qərarlarda biznes maraqlarını ön planda tutur”.
Rəfiqə Namazəliyeva,
AzNews.az