Hazırda ölkəmizdə, xüsusən də Bakı ətrafında kanalizasiya şəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə əhalinin daimi məskunlaşması sürətlə artır. Bu ərazilərdə formalaşan tullantı suların birbaşa ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə axıdılması hallarına rast gəlinir.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) Busaat.az-a verilən məlumata görə, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinə uyğun həyata keçirilməlidir.
Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində əmələ gələn tullantı sularının yığılması üçün yerüstü hissəsi qapaq və barmaqlıqla təmin edilmiş, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən çox olmayan çirkab su quyuları hazırlanmalıdır.
Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyun meydançalarından və istirahət yerlərindən mümkün qədər aralıda – 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq, yarım ildə ən az bir dəfə təmizlənməlidir.
Əhali qrupu tərəfindən bu tələblərə əməl olunmadıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600–1000manatadək cərimə edilirlər.
Tullantı suların düzgün idarə olunması yalnız ətraf mühitin mühafizəsi deyil, həm də cəmiyyətin sağlamlığı, su obyektlərinin qorunması və su bioresurslarına mənfi təsirlərin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən kanalizasiya sisteminə qoşulmamış ərazilərdə qanunvericiliyin tələblərinə riayət edilməli, təhlükəsiz və ekoloji baxımdan zərərsiz üsullar tətbiq olunmalı, su və su təsərrüfatı obyektləri çirklənmədən qorunmalıdır.