EN

Hitrou hava limanında təxliyə aparılıb

London, 8 sentyabr, AZƏRTAC

London yanğınsöndürmə xidməti (LFB) yerli vaxtla saat 17:01-də Hitrou hava limanının 4-cü terminalında mümkün təhlükəli maddələr insidenti ilə bağlı çağırış alıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində terminalın qeydiyyat zonası bağlanıb və sərnişinlər binadan təxliyə olunub. Hadisə yerində olan sərnişinlərin bir müddət çöldə gözlədiyi bildirilib. Hitrou rəhbərliyi sərnişinlərə 4-cü terminala səyahət etməməyi tövsiyə edib. Digər terminallar isə normal fəaliyyət göstərir.

Milli Dəmir Yolu Xidməti (National Rail) isə açıqlama verərək, fövqəladə xidmətlərin insidentlə məşğul olduğu müddətdə qatarların Terminal 4 dayanacağında dayana bilmədiyini bildirib.

Hazırda hadisənin konkret səbəbi açıqlanmayıb. Eyni zamanda, insidentin aviareyslərə hansı təsir göstərəcəyi də məlum deyil. Bəzi reyslərin davam etdiyi, bəzilərinin isə gecikdiyi müşahidə olunur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
57
1
azertag.az

2Sources