Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba ölkə rəhbərliyinin sabiq diplomatların xaricə çıxışına qadağa qoyması fonunda Polşaya yollanıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Corriere della Sera qəzetinə müsahibəsində danışıb.
Kulebanın sözlərinə görə, prezident Volodimir Zelenskinin imzaladığı fərman hərbi çağırış yaşında olan kişilərin ölkəni tərk etməsinə qoyulan qadağa ilə bağlı deyil, çünki keçmiş diplomatların xidmət öhdəliyi yoxdur.
“Əslində Zelenski və onun ətrafı istəmir ki, biz xaricə gedib hökumətin mövqeyinə zidd görünə biləcək fikirlər səsləndirək”, – deyə sabiq nazir vurğulayıb.
O əlavə edib ki, fərmanın məhz ona və bəzi digər diplomatlara qarşı yönəldildiyinə əmindir.
Kuleba bildirib ki, xaricdə konfranslara və çıxışlara dəvət olunur və bu fəaliyyətindən gəlir əldə edir: “Ümumilikdə hökuməti müdafiə edirəm, lakin müəyyən dairələrdə hələ də sovet təfəkkürü qalır – əgər sərbəst vətəndaş kimi ölkədən çıxırsansa, dərhal dövlətə ziyan vurmaq istəyən agent hesab olunursan”.
Daha sonra Kulebanın mətbuat xidməti Hromadske-yə açıqlama verərək, onun sözlərinin düzgün təqdim olunmadığını qeyd edib.
Bildirilib ki, eks-nazir Polşaya Cənubi Koreyada keçiriləcək konfransa yollanmaq üçün gedib və sentyabrın 20-də geri dönəcək.
Xatırladaq ki, Dmitri Kuleba 2020–2024-cü illərdə Ukraynanın xarici işlər naziri vəzifəsini icra edib. Ötən ildən bu postu Andrey Sibiqa tutur.
Bizim.Media