EN

Qarşıma seçim qoyulsa...

Şövqi Hüseynov: Həm teatrda, həm də kinoda ərsəyə gətirdiyim bütün rollarım mənə doğmadır, əzizdir

Şövqi Ərəstun oğlu Hüseynov artıq 30 ildən çoxdur ki, teatr aləmindədir. O bu müddətdə müxtəlif tamaşalarda yüzlərlə obrazı tamaşaçılara təqdim edib. Elə həmin rolları ilə tamaşaçı rəğbətini qazanıb. Onu da qeyd edək ki, o, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ilk monotamaşa oynayan aktyor kimi tarixə düşüb. Şövqi Hüseynov, həmçinin bir sıra filmlərimizdə (“Günaydın mələyim”, “Aktrisa”, “Qaydasız döyüş”, “Dərvişin qeydləri”, “Xeyir və şər” və s.) də yaddaqalan obrazlar yaradıb. Beləliklə, həmsöhbətimiz Əməkdar artisti Şövqi Hüseynovdur.

Qısa bioqrafiya:

Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda dünyaya göz açıb. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsinə daxil olub. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə yaradılan Bakı Kamera Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 2000-ci ildən həm də dublyaj işi ilə məşğuldur. 2009-cu ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

-Əməkdar artist Şövqi Hüseynovu teatr və kino aləmində bəxti gətirmiş aktyor hesab etmək olarmı?

-Bəli, həqiqətən sənət aləmində bəxti gətirmiş aktyorlardanam. Məncə, sevdiyi işlə məşğul olan, arzuladığı rolları canlandıran, çalışdığı sahədə istedadını göstərə bilən hər bir sənət adamı bəxti gətirmiş insandır.

- Seçim qarşısında qalsanız kinoya, yoxsa teatra üstünlük verərdiniz?

-Hesab etmirəm ki, aktyor kino və teatr arasında seçim etməlidir. Yeri gəlmişkən, xatırladım ki, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini bitirmişəm. Bu mənada fərq qoymaq istəməzdim. Amma işdi-şayət konkret qarşıma belə bir seçim qoyulsa, şübhəsiz, teatrı üstün tutardım.

-İndiyədək oynadığınız hansı rolunuz və yaxud rollarınız sizə daha çox şöhrət qazandırıb? Yəni sizin üçün unudulmaz olan rollar hansılardır?

-Belə bir suala sənət adamları adətən “hamısı” cavabını verirlər. Mən də onlardan geri qalmaq istəməzdim. Yəni heç bir rolumu o birindən ayırmaq fikrində deyiləm. Bu mənada həm teatrda, həm də kinoda ərsəyə gətirdiyim bütün rollarım mənə doğmadır, əzizdir.  Çünki onların hər biri, əgər belə demək mümkünsə, ağır zəhmətin, tarım əsəbin, yuxusuz gecələrin məhsuludur. 

-30 ildən çox səhnədə olan Şövqi Hüseynov bu günümüzün teatr və kino aləmini necə xarakterizə edərdi?

-Sözün düzü, bir müddət əvvəl həm kino, həm də teatr aləmimizdə müəyyən problemlər mövcud idi. Amma son illər demək olar ki, bütün çatışmazlıqlar aradan qaldırılıb. Bütün teatr və kinoteatrlarımız, digər mədəniyyət ocaqlarımız təmir olunub, onların maddi-texniki bazaları günün tələbləri səviyyəsinə uyğunlaşdırılıb. Bütün bunlarla yanaşı, teatr və kino sahəsində uğurlu islahatlar da aparılıb. Şübhəsiz, bütün bunlar dövlətimizin mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yəni onu demək istəyirəm ki, indi aktyorların nədənsə şikayət etməyə, nəyi isə bəhanə gətirməyə yeri qalmayıb. İndi sadəcə, onlardan bir şey tələb olunur: vicdanla çalışmaq...

-Nə əcəb indiyədək könlünüzdən rejissorluq keçməyib? Yeri gəlmişkən, həmkarlarınız arasında həm rejissorluq, həm də aktyorluq edənlər az deyil...

-Sözün düzü, cəhdim olub. Belə ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında alman dramaturqu Tankret Dorstun “Mən Feyerbaxam” əsəri əsasında eyniadlı monotamaşa hazırlamışam. Bu da nədən irəli gəlib? Sadəcə, o zaman hesab etdim ki, oynayacağım bu tamaşanın məğzini məndən savayı kimsə yaxşı duya bilməz. Nə gizlədim, gələcəkdə də belə bir ehtiyac duysam yenə rejissorluq edəcəyəm. Amma rejissorluğa heç bir iddiam yoxdur. Mənim iddiam yalnız və yalnız aktyor olmaqdır. Bir sözlə, fikrimcə, aktyor aktyorluq, rejissor rejissorluq etməlidir. Düzdür, onlar bir-birinə yaxın sənət kimi görünürlər, amma əslində tam fərqlidirlər.

-Monotamaşa demişkən, siz monotamaşalarınızla mütəmadi festivallara da gedirsiniz.

-Bəli, mən dəfələrlə müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda ölkəmizi, onun mədəniyyətini monotamaşalarla təmsil etmişəm. Vətənə diplomlarla qayıtmışam. Onu da deyim ki, hazırda repertuarımda 6 monotamaşa var. Onların arasında 1998-ci ildə Xalq artisti mərhum İrina Perlovanın quruluşunda alman yazıçısı Patrik Züskindin "Kontrabas" əsəri əsasında hazırlanan eyniadlı monotamaşa daha çox səfərlərdə olub. Monotamaşalarımla indiyədək Amerika, Şri-Lanka, Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Almaniya, Makedoniya, Qazaxıstan, Tatarıstan və digər ölkələrdə beynəlxalq teatr festivallarında iştirak edib, müxtəlif mükafatlar qazanmışam. Təkcə bu il 2 beynəlxalq festivalda iştirak etmişəm, 2 beynəlxalq festivalda isə iştirak edəcəyəm. Onlardan biri 2-9 sentyabrda İranın Əhər şəhərində, digəri isə 6-13 oktyabrda Almaniyanın Hannover şəhərində keçiriləcək beynəlxalq teatr festivalıdır.

-Bu gün Şövqi Hüseynov hədəfinə çatıbmı?

-Bizim işimiz elə işdir ki, burada “hansısa hədəfə çatdım, vəssəlam” demək doğru deyil. Onda gərək pərdələri bağlayaq və işimizi dayandıraq. Bitib-tükənməyən hədəflər və məqsədlər var. Onlara çatmaq uğrunda vicdan və sevgi ilə irəliləmək lazımdır.

- Kimlərlə eyni səhnəni bölüşmək sizə xoşdur?    

-Yaxşı aktyorların hamısı mənim sevimli tərəf müqabillərimdir. Onların hər biri ilə səhnəni bölüşmək xoşdur. Belə aktyorlarımızın sayı isə çoxdur. Onu da deyim ki, belə aktyorlar demək olar ki, bütün teatrlarımızda var.

- Səhv etmirəmsə, yoldaşınız da sənət adamıdır? Bəlkə bu barədə bir neçə kəlmə söyləyəsiniz?

-Bəli, həyat yoldaşım Şəbnəm Hüseynova da sənət adamıdır, aktrisadır.  Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında birgə çalışırıq. Bəzən serial və filmlərdə də birgə görünürük. Bir sözlə, bu sənət aləmində onunla birgə addımlayıram. 

- Bu sənətə gəlişinizdə hansı amillər mühüm rol oynayıb? Bu sualı belə də səsləndirmək olar: Aktyorluğa gəlməyinizdə ən çox kimə borclusuzmu?

-Sözün düzü, aktyorluğa gəlməyimin, daha doğrusu, bu eşqə düşməyimin dəqiq tarixini bilmirəm. O yadımdadır ki, bir də ayıldım ki, bu sənətsiz yaşaya bilmirəm. İkinci sinifdə oxuyarkən anam, yəqin ki, nələrsə hiss etdiyindən, mənə dedi ki, dram dərnəyi tap, orada iştirak elə. Halbuki o vaxt mən dram dərnəyinin nə olduğunu dərk etmirdim. Nə isə, beləcə anamın xeyir-duası ilə Cəlilabad rayonu mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyinə getdim. Elə ora gəlişimin ilk günündən bu sənətin sehri məni öz ağuşuna aldı. Bu günə qədər o sehrin içindəyəm.

-Hansı aktyorların pərəstişkarı olmusunuz? Onlardan kimi özünüzə ustad sayırsınız?

- Öz işində faydalı və istedadlı olan hər bir insan mənim üçün ən əziz insandır. Kinomuzda və teatrımızda belə əziz insanlar, müqtədir peşəkar sənətkarlarımız həmişə olub, bu gün də var və gələcəkdə də olacaq. Mən demək olar ki, onların hər birindən nəsə öyrənməyə çalışmışam. Və çalışıram. 

-Peşəkar səhnəyə gəlişinizi necə xatırlayırsınız? İlk rolunuz barədə nə deyə bilərsiniz?

-Yuxarıda bildirdiyim kimi, mən rayon dram dərnəyində fəaliyyətə başlamışam. Orada ilk rolum S.S. Axundovun “Anaların səsi” tamaşasındakı gənc pioner rolu olub. Sonradan həmin dram dərnəyi Xalq teatrı adı aldı. Nahid Hacıyevin “Məhəbbət yaşadır” əsərini və Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsini səhnələşdirmişdik və o tamaşalarda müxtəlif rolları canlandırdım.

 Mənim peşəkar teatr -aktyorluq fəaliyyətim isə 1991-ci ildə yaradılmış Bakı Kamera Teatrı ilə bağlıdır. Belə ki, mən bu teatrın ilk səhnə əsərində, yəni Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti əsasında Cənnət Səlimovanın hazırladığı “Məkkəyə gedən yol” tamaşasında Qazı rolunda çıxış etmişəm.  Onu da deyim ki, həmin rol mənim darıxdığım rollarımdan biridir.

-Bir çox mükafatlara layiq görülmüsüz, o cümlədən Azərbaycan və Kalmıkyanın Əməkdar artistisiniz. Bütün bunları sizin əməyinizə verilən dəyər kimi qiymətləndirmək olarmı? Yəni əməyinizə  verilən dəyərdən razısınızmı?

-Bəribaşdan deyim ki, Azərbaycanın incəsənət xadimlərinə dövlət qayğısı həyata keçirilən mədəniyyət siyasətinin hər zaman mühüm istiqamətlərindən olub. Şübhəsiz, mədəniyyət işçilərinin dövlət təltifləri ilə mükafatlandırılması, həmçinin onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün digər müxtəlif proqramların həyata keçirilməsi bu qayğının bariz nümunəsidir. Yaradıcı insanlara göstərilən bu münasibət onların şəxsində, ümumiyyətlə, mədəniyyətimizin inkişafı üçün müstəsna əhəmiyyət daşıyır. Onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyev dəfələrlə bildirib ki: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır: alimlərimiz, rəssamlarımız, şairlərimiz, aktyorlarımız, yazıçılarımız, bəstəkarlarımız. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır". Bu mənada mən də dövlətimizin biz incəsənət xadimlərinə verdiyi qiyməti yüksək dəyərləndirirəm.

- Yaradıcılığınızda nə kimi yeniliklər var? Hazırda hansı əsər üzərində iş gedir?

- Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Sәrgüzәşti-mәrdi-xәsis"i, yəni “Hacı Qara”sı yeni quruluşda (quruluşçu rejissoru Cənnət Səlimovadır) hazırlanır. İnşallah, bu tamaşa yeni mövsümdə sənətsevərlərə təqdim olunacaq. Bildiyiniz kimi, mən həm də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoruyam. Orada isə bu yaxınlarda dünyasını dəyişmiş görkəmli dramaturq, Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesi üzərində tamamlama işləri gedir.

-1991-2009-cu ilə qədər çalışdığınız "Kamera Teatrı"nı yenidən bərpa etmək fikriniz varmı? 

-Bəli, Cənnət Səlimova ilə birgə yaratdığımız Bakı Kamera Teatrını yenidən bərpa etmək niyyətindəyəm. Bu mənim böyük arzumdur. Artıq müvafiq qurumlar qarşısında belə bir təkliflə də çıxış etmişəm. Ümid edirəm ki, bu arzuma da çatacağam. Bu da təsadüfi deyil. Belə ki, bu gün müəllim kimi çalışdığım Mədəniyyət və İncəsənət Universitetində kifayət qədər istedadlı gənclərlə qarşılaşıram. Amma onların hamısının mövcud teatrlarda işlə təmin olunması çətindir.  Hesab edirəm ki, əgər Bakı Kamera Teatrı fəaliyyətini bərpa etsə, onlardan 10-15 nəfəri burada fəaliyyət göstərə bilər. Ümumiyyətlə, gənclərdən təşkil olunan teatr studiyaları yaradılsa, teatrımızın gələcəyinə böyük töhfələr verilmiş olar.

- Şövqi Hüseynovun hobbisi varmı?

-Konkret bir hobbim yoxdur. Amma hərdən taxtadan müxtəlif əşyalar hazırlayıram.  Bu da bir yaradıcılıqdır və bu işdən zövq alıram.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
1
ikisahil.az

1Sources