EN

İşiba istefa verir...

Yeni baş nazir kim olacaq?

Yaponiyanın baş naziri Şiqeru İşiba istefa verməyə hazırlaşır. Yaponiya KİV-ləri qeyd edirlər ki, Ş.İşiba artıq hakim Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsindən istefa verəcəyini təsdiqləyib - o, sosial şəbəkə hesabında LDP sədri vəzifəsindən istefa vermək qərarına gəldiyini bildirib. Qeyd edək ki, Şiqeru İşiba ötən ilin oktyabrında Fumio Kişidanın başçılıq etdiyi hökumətin istefasından sonra Liberal Demokrat Partiyasının rəhbəri vəzifəsini icra edir.

İlk qadın namizəd...

Baş nazir Şiqeru İşibanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri və hökumət başçısı vəzifəsindən istefa verəcəyini elan etdikdən sonra onun yerinə mümkün namizədlərin adları açıqlanıb. Yaponiyanın “Sinxua” agentliyinin məlumatına görə, İşibanın yerinə ən güclü namizəd xanım Sanae Takaiçi hesab edilir. İşiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiçi LDP sədri seçiləcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq. Bundan başqa, Şinciro Koizumi, Yoşimasa Hayaşi, Yoşihiko Noda və Yuiçiro Tamaki də iddialı namizədlər sırasındadır. Sanae Takaiçi son seçkilərdə Şigeru İşiba ilə ikinci tura qalmış, istefaya hazırlaşan baş nazirə 21 fərqlə (215-194) məğlub olmuşdu.

Baş nazir niyə istefa verir? 

İyulun 20-də Yaponiyada parlamentin yuxarı palatasına keçirilən seçkilərdə Ş.İşibanın rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Komeito qələbə çalsa da, palatadakı bir çox yerləri itirib. Ölkənin müasir tarixində bu, ilk belə siyasi hadisə idi. Demək olar ki, yuxarı palatada hakim koalisiya 248 yerin yarısından azına nəzarət edir, bu da hökumətin qanun qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Son seçkilərin nəticələrinə görə, müxalif partiyalar - Konstitusiya Demokratiya Partiyası və Xalqın Demokratiya Partiyasının parlamentin yuxarı palatasında mandatının sayı artıb. Tez-tez ifrat sağçı kimi xarakterizə edilən Sanseito partiyası isə bu dəfə yuxarı palatada 14 deputatla təmsil olunur. Qeyd edək ki, bu, İşiba üçün ardıcıl ikinci böyük seçki məğlubiyyəti idi - 2024-cü ilin payızında baş tutan seçkilərdə hakim koalisiya parlamentin aşağı palatasında da yerlərin əksəriyyətini itirmişdi.

İyulun 20-dəki seçkilərdə istədiyi nəticəni əldə etməyən Şiqure İşiba LDP-nin rəhbər və baş nazir vəzifəsindən istefa vermək bəradə düşünüb. Yaponiya KİV-ləri iddia edirdi ki, İşiba avqustun sonunda istefa verə bilər. Lakin İşiba istefa verməyə tələsmədi - o, qərarını verməmişdən öncə keçmiş hökumət başçıları - Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşlər keçirdi - məlumatlara görə, görüş zamanı yeni hökumətin formalaşması ilə bağlı məsələni onlarla ətraflı müzakirə edib. Bundan başqa, İşiba seçkilərdən sonra jurnalistlərə açıqlamasında istefası ilə bağlı yayılan iddiaları şərh edərkən qeyd etmişdi ki, o, hələ ki, istefaya verməyə tələsmir və istefadan öncə o, Vaşinqtonla ABŞ ilə Yaponiya arasında ikitərəfli iqtisadi-ticari münasibətlərin inkişafına və şaxələndirilməsinə, bu sahədə münasibətlərin nizamlanması istiqamətində yeni razılaşmaların əldə edilməsinə dair sazişin imzalanmasına nail olmalıdır. Artıq bu məsələ öz həllini tapıb. Qeyd edək ki, sentyabrın 5-də ABŞ Prezidenti Donald Tramp  bir müddət öncə Yaponiya ilə imzalanan yeni ticarət sazişin həyata keçməsi üçün sərəncam imzalayıb - yeni sazişə görə, müəyyən gömrük prosedurları çərçivəsində hər iki tərəf bir-birinə öz məhsullarını ixrac edəcəklər, həmçinin bu sazişin müddəalarına əsasən investisiya imkanları da nəzərdən keçiriləcək. Görünür, Ş.İşiba ABŞ-la işi bitirdikdən sonra istefa vermək qərarına gəlib.

Yunis ABDULLAYEV

1Sources