EN

Kənd məktəbinin məzunu Dövlət Təqaüd Proqramının qalibi olub

Astaranın Kakalos kəndinin sakini Yusif Əhmədzadə Dövlət Təqaüd Proqramının qalibi kimi Türkiyənin nüfuzlu Bilkent Universitetinə qəbul olunub. Onun bu uğuru kənd camaatına böyük sevinc bəxş edib. 

Yusifin fitri istedadı, yüksək əxlaqı, Vətən sevgisi, müqəddəs əməllərə tapınmaq eşqi bu yolda ona həmişə işıq olub. İndi budur, o, bakalavr təhsilini kompüter mühəndisliyi ixtisası üzrə ingilis dilində davam etdirəcək.

Yusif Əhmədzadə C.Cabbarlı adına kənd tam orta məktəbini fərqlənmə attestatı ilə bitirib. "Kenquru" beynəlxalq riyaziyyat müsabiqəsində qızıl medal qazanıb. Bu il keçirilən qəbul imtahanında 682 bal toplayaraq yüksək nəticə göstərib. 

Xatırladaq ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" hər il istedadlı gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına imkan yaradır. İndi Yusif də belə tələbələr sırasındadır. Onun bu uğuru göstərir ki, çəkilən zəhmət hədər getmir. 

Zəfər ORUCOÜLU

1Sources