EN

"Fənərbağça"nın yeni baş məşqçisi kim olmalıdır: Yerli, ya əcnəbi?

"Düşünürəm ki, yenidən İsmayıl Kartalın baş məşqçi təyin olunması "Fənərbağça" üçün uğurlu seçim olar". 

Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, İsmayıl Kartal "Fənərbağça"nın öz övladıdır:

"O, hər zaman klubun bir əsgəri kimi vəzifəyə hazır olur. Haçan komandanın çətin vaxtında çağırılıbsa, gəlib və əlindən gələni edib. İsmayıl Kartalın üstün cəhəti ondan ibarətdir ki, o, "Fənərbağça"nın hər şeyini çox yaxşı bilir. 

Klubun təməl problemlərini, azarkeşlərin nə istədiyini, komandanın necə oynamalı olduğunu və ümumi "Fənərbağça"nın fəlsəfəsinə tam hakimdir. Bunlara görə onu komandanın başına gətirmək faydalı olar".

381451

Ekspert xatırladıb ki, İsmayıl Kartal hər gələndə kifayət qədər uğurlu olub:

"Məncə, o, yenidən kluba qayıdacağı təqdirdə, "Fənərbağça" ən azından sona qədər çempionluq mübarizəsində olacaq. Üstəlik, onun komandası müəyyən bir səviyyədən aşağı düşmür. 

Amma onu da nəzərə almaq lazımdır ki, hazırda "Fənərbağça"nın heyətində müxtəlif çempionatlarda uğur qazanmış çox sayda ulduz futbolçu var. Həmin ulduzlarla İsmayıl Kartalın futbola baxış bucaqları üst-üstə düşməyə bilər".

Kənan Məstəliyev hesab edir ki, bu səbəbdən də "Fənərbağça" daha təcrübəli və adlı-sanlı mütəxəssis də gətirə bilər:

"Nəzərə almaq lazımdır ki, daha böyük karyeraya sahib mütəxəssisin gəlməsi komandaya kömək edər. Çünki ulduz futbolçular paltardəyişmə otağında böyük karyerası olan məşqçiyə daha çox hörmət edirlər. Həmçinin, nüfuz cəhətdən özlərinə yaxın mütəxəssislərlə daha yaxşı anlaşırlar. 

Ona görə də bu gün üçün "Fənərbağça"ya belə standartlarda bir əcnəbi məşqçinin gəlməsi də kifayət qədər faydalı olar. Son günlərdə dünyaca məşhur bir çox mütəxəssisin adı çəkilir. Düşünürəm ki, elə o İstanbul klubunun yeni baş məşqçisi də məhz o səviyyələrdə olacaq. Bu, "Fənərbağça" üçün pis seçim olmaz". 

Pərviz

Chosen
10
hit.az

1Sources