Məsələni aydınlaşdırmaq üçün iqtisadçı ekspert Günay Hüseynova Ajans.az-a açıqlama verib. Ekspert bildirib ki, hər iki qurum yarandığı tarixdən müsbət nəticələr əldə edib. AQTA-nın gördüyü işlər mediada daim paylaşılıb. Hətta qurum onlara gələn şikayət və zənglərə operativ cavab verərək, müəyyən cərimələr də tətbiq edib. Lakin iş prosesində mənfi nəticələr də əldə olunub. Heç bir sıravi vətəndaş quruma zəng edib şikayət etməməlidir. Hər bir qurum üzərinə düşən işləri mütəmadi yerinə yetirməlidir. AQTA daimi onlara tabe olan iaşə obyektlərində ( kafe, restoran, mağazalar və s.) monitorinqlər keçirməlidir. Nəticələr isə qurumun rəsmi hesablarında, həmçinin mediada işıqlandırılmalıdır. Günay Hüseynova qeyd edib ki, AQTA-nın gördüyü işlər də kifayət qədər natamam amillər var. Bunlara kütləvi zəhərlənmələr, vaxtı keçmiş məhsullar, natəmiz obyektlər və digərləri aiddir. Düzgün yoxlamalar olarsa, bu hallar zamanla yoxa çıxa bilər. Nəticədə bəlli olur ki, yetərli səviyyədə yoxlamalar aparılmır. Qurumların fəaliyyətini səmərəsiz adlandırmaq olmaz. Çünki bəzi məsələlərdə doğru yanaşmalara rast gəlirik. Hansısa qurumun işinə xitam verilməsi üçün əsaslı səbəblər olmalıdır. Həmin faktlar səs-küy yarada bilərsə, bu qurumun işinə mənfi təsir edər. Qurumun işinin yenisinə həvalə etməklə böyük fərq yaratmaq mümkün deyil. Dəyişən sadəcə ad olur. Ekspertin sözlərinə görə, hər iki qurumun ləğvi yerinə fəaliyyətində yeniliklərin tətbiqi daha uyğundur. Artıq qurumlar da köhnə idarəetməni yığışdırıb yeni dünyaya inteqrasiya olmalıdırlar. Xarici mütəxəssislərin və öz ölkəmizdəki savadlı kadrların cəlbi, yeni fəaliyyət sxemlərinin qurulması, sistemin elektronlaşması buna nümunə ola bilər. Qurumlar tamam bağlanarsa, öıkə iqtisadiyyatı sahəsində sui-istifadə hallarının sayı arta bilər. Bazarlara mənşəyi məlum olmayan məhsul axını güclənəcək. Çünki hazırda bazarlara çıxarılan məhsulların bəziləri qurumların nəzarətindən keçir. Həddindən artıq məhsul istehlak prosesinə təsir edə bilər. Ona görə də, qurumların ləğvi yerinə, ciddi nəzarətin tətbiqi vacibdir. Günay Hüseynova DGK-nın fəaliyyət prosesinə də toxunub. O qeyd edib ki, əvvəlki illərə baxanda artıq müəyyən dərəcədə müsbət addımlar atılıb. Lakin çatışmazlıqlar qaçılmazdır. Dünyada bir sıra gömrük orqanlarında artıq rəqəmsallaşma hökm sürür. İnsan əməyi isə tədricən azalır. Bizdə isə, hələ də bu innovasiyalar qeydə alınmayıb. Hər iki qurumun iş prinsipi Avropa standartlarına uyğun deyil. Dünya təcrübəsində gömrük orqanları hər bir detala operativ yanaşma tətbiq edirlər. Azərbaycanda hələ gömrük bu səviyyəyə çatmayıb. İnsan əməyi ( müəyyən sərhəd çərçivəsində) bu sahədən uzaqlaşdırılmalıdır. Ümumiyyətlə, hər iki qurum üçün ciddi nəzarət, operativ yanaşma, son texnologiyaların tətbiqi vətəndaşların rifahına düzgün xidmət edə bilər. Ən əsası isə, DGK-də sadələşdirilmiş ticarət( idxal və ixrac) çox vacibdir.