Daha bir şəxsə donuz böyrəyi köçürüldü
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, "Mən həqiqətən bu elmin inkişafına töhfə vermək istəyirdim", – deyə bildirib. O, böyrək çatışmazlığından əziyyət çəkdiyi iki illik dializ dövründən sonra təcrübədə iştirak etməyə qərar verib. Stüart bu cür ksenotransplantasiyanı qəbul edən ilk şəxs deyil. Eyni xəstəxanada daha əvvəl başqa bir Nyu-Hempşir sakini – Tim Endryus – donuz böyrəyi ilə rekord 7 ay dializsiz yaşayıb. Bu, indiyə qədər ksenotransplantasiya ilə bağlı əldə olunan ən uzun uğurlu nəticə hesab olunur. Bu uğurlu təcrübələrə əsaslanaraq, ABŞ Qida və Dərman İdarəsi (FDA), genetik olaraq dəyişdirilmiş donuz orqanlarının insanlara köçürülməsi üzrə daha genişmiqyaslı klinik sınaqların başlamasına icazə verib. Sınaqları donuz orqanları istehsal edən eGenesis şirkəti həyata keçirəcək. Mass General Xəstəxanasının nefroloqu Dr. Leonardo Riella qeyd edib: “Hazırda insan orqanlarının çatışmazlığı ciddi problemdir. Genetik dəyişdirilmiş donuz böyrəkləri bu boşluğu qismən doldura bilər. Əgər bu orqanlar insanda bir il və ya daha çox işləyərsə, artıq bu, böyük uğurdur.” Yeni klinik sınaq çərçivəsində dializdə olan və 50 yaşdan yuxarı 30 nəfərə genetik olaraq dəyişdirilmiş donuz böyrəyi nəql ediləcək. Bu təcrübələr insan orqanına növbə gözləyən minlərlə insan üçün ümid qapısı aça bilər. Mütəxəssislər bildirir ki, genetik modifikasiya nəticəsində donuz orqanları insan orqanizmi ilə daha uyğun hala gətirilir və immun sistemin onları dərhal rədd etməsi riski minimuma endirilir. Bill Stüart bildirib ki, bu prosesin risklərini dərk edərək əməliyyata razılıq verib. O, özünü "bir az elm adamı" adlandıraraq, bu təcrübənin bir parçası olmaqdan fəxr etdiyini deyib. Əməliyyatdan sonra yenidən işinə qayıdan Stüart, keçmiş dializ klinikasını ziyarət edərək, "hamıya yaxşı olduğumu bildirmək və bəlkə də bəzi insanlara ümid vermək" istədiyini qeyd edib. Donuz böyrəyinin nə qədər müddət işlək qalacağı hələlik dəqiq məlum deyil, lakin həkimlər Stüart və Endryusun vəziyyətlərini daim nəzarətdə saxlayırlar.