EN

Lityum batareyaların yerini maye batareyalar alacaq

Lityum batareyaların yerini maye batareyalar alacaq

Avstraliyadakı Monash Universitetinin mühəndisləri ev tipli günəş enerjisi saxlama sistemlərini daha təhlükəsiz, ucuz və səmərəli edəcək yeni su əsaslı batareya hazırlayıblar. Axın batareyası adlanan bu sistem təxminən 10 min dollara başa gələn lityum-ion batareyaların yerini çox daha aşağı maliyyətlə ala biləcək.

Ənənəvi axın batareyaları onilliklərdir tanınır, lakin iri və yavaş olduqları üçün əsasən sənaye miqyasında istifadə edilirdi.

Monash komandası isə hazırladıqları xüsusi membran sayəsində bu batareyaların enerji yığma sürətini artıraraq ev istifadəsinə uyğun hala gətirib.

Tədqiqatın aparıcı müəllifi doktorant Vanqiao Lianq bildirib ki, onlar təhlükəsiz və ucuz kimyanı real vaxtda damdakı günəş enerjisini toplayacaq qədər sürətli hala gətiriblər. Lianq bildirib ki, bu membran orqanik axın batareyalarını ilk dəfə evlərdə rəqabətədavamlı edir.

Yeni sistem həm təhlükəsizliyi, həm də əlverişli qiyməti qoruyaraq, eyni zamanda sürətli performans təqdim etməsi ilə seçilir.

Lianq əlavə edib ki, hazırladıqları membran sektor standartı olan Nafion-dan daha yaxşı nəticə göstərir və 600 yüksək cərəyan dövründən sonra demək olar ki, heç bir tutum itkisi yaşamayıb.

Alimlər prototipləri 3D printerlə istehsal edərək real şəraitdə sınaqlara başlayıblar. Lianq “Bu, qarajınızda olmasını istəyəcəyiniz bir batareyadır. Zəhərli deyil, alışmır, bol olan materiallardan hazırlanır və günəşli gündə damdakı panellərə asanlıqla uyğunlaşa bilir” deyib.

Axın batareyası necə işləyir?

Araşdırmaya töhfə verən CSIRO-dan Dr. Kara Doherti izah edib ki, axın batareyaları enerjini bərk materiallar əvəzinə mayelərdə saxlayır. Bu isə xərci azaldır, təhlükəsizliyi artırır və miqyaslandırmanı asanlaşdırır.

Doherti “İki akvarium təsəvvür edin; aradakı membran ionların keçməsinə imkan verir. Biz bu membranı daha səmərəli etdik. Bu da daha sürətli enerji yığımı, daha uzun ömür və daha yaxşı performans deməkdir” deyə əlavə edib.

Qeyd edək ki, Monash Universiteti 2018-ci ildə 1 MWh gücündə ilk kommersiya axın batareyasını quraşdıraraq təmiz enerji saxlama sahəsində öncüllərdən olmuşdu. Yeni hazırlanmış sistem isə ev istifadəsi üçün atılmış ən böyük addım kimi qiymətləndirilir.

Bu texnologiyanın prototip sınaqlarını uğurla keçməsi halında bir neçə ildən sonra bazara çıxarılması gözlənilir.

Chosen
34
afn.az

1Sources