EN

Rusiya Cənubi Qafqazı qarışdırmağa başlayır - ilk həmlə Lavrovdan gəldi


Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-da Bakı ilə İrəvan arasında razılaşmanı Azərbaycan və Ermənistanın suveren hüququ adlandırıb. Bu barədə o, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib:

“2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmaları Amerika Birləşmiş Ştatlarından yekunlaşdırmaq qərarına gəliblər. Bu, bizim qonşularımızın suveren hüquqlarıdır. Lakin baxmaq lazımdır ki, bu razılaşmalar necə işləyəcək”.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətinin əsas prioritetləri sülh və əməkdaşlıqdır, bunlar heç vaxt dəyişməyib: “Rusiya Cənubi Qafqaz ölkələri və onların üç qonşusu arasında “3+3” formatında əməkdaşlığın tezliklə bərpa olunacağına ümid edir. Çox ümid edirik ki, vaxtilə Türkiyə və Azərbaycanın irəli sürdüyü təşəbbüs, yəni “3+3” platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu – İran, Türkiyə, Rusiya... Hesab edirik ki, bu formatı bərpa etməyin vaxtıdır”. Ekspertlər qeyd edir ki, Sergey Lavrovun açıqlamaları əslində, Rusiyanın Cənubi Qafqazda ABŞ-ın vasitəçiliyi ilə cərəyan edən proseslərdən Moskvanın narahatlığını büruzə verir. Bu səbəbdən o, yenidən “3+3” formatını gündəmə gətirir, eyni zamanda Vaşinqton razılaşmlarına skeptik yanaşma sərgiləyir. Onun sözlərinə görə, razılıq əldə etmək Rusiya qonşularının suveren hüququdur, eyni zamanda, o, ilkin həvəsli rəylərin skeptik qiymətləndirmələrlə əvəz olunduğunu qeyd edib: “Biz bunun necə işləyəcəyini görməliyik. Çünki Vaşinqtondakı görüşdən sonra, daha sonra sənədin dərc edildiyi ilk günlərdə eşidilən bütün həvəsli rəylər skeptik qiymətləndirmələrlə əvəz olundu. Və göründüyü kimi, orada hər şey razılaşdırılmayıb”. Halbuki, Vaşinqtonda femək olar ki, bütün məsələlər razılaşdırılıb. Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri avqustun 8-də Vaşinqtonda birgə bəyannamə imzalayıblar və buna ABŞ prezidenti Donald Tramp da şahidlik edib. Elə bundan sonra sülh iqtiqamətində mühüm addımlar atılıb. Məsələn, Minsk qrupunun ləğvi üçün birgə müraciət ünvanladı. Nəticədə sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən Minsk Prosesi və əlaqəli institutların fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olundu. Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun fəaliyyəti üçün hüquqi əsas formalaşdıran bütün məsələlər məhz Azərbaycanın hərbi-siyasi qərarları fonunda öz həllini tapdı. Lakin atəşkəs dövründə Minsk üçlüsü BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını tanıyan və erməni silahlı birləşmələrinin həmin ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamələrinin həlli istiqamətində hər hansı bir təşəbbüskarlıq irəli sürmədi. Əksinə, bu müddət ərzində konfliktin həlli ilə bağlı hüquqi çərçivə formalaşdırmaq yerinə, status-kvonu qoruyub saxlamağa xidmət edən yanaşmalar sərgiləndi. Belə olduğu təqdirdə rəsmi Bakının qurumun fəaliyyətini sonlandırmaqla əlaqədar prinsipial mövqeyi məhz yeni reallıqlar fonunda ənənəvi yanaşmaları gündəmə gətirmək cəhdlərinin qarşısını aldı.

Artıq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün hüquqi baza yaradılıb. İndi əsas məsələ sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılmasıdır. Bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyini qoruyur və ardıcıl addımlar atır. Bu fonda Ermənistan konstitusiyasının dəyişməsi də qaçılmaz prosesidr. İndikidə görünən buur ki, Rusiya prosesə maneə yaratmaq istəyir. Rus politoloq Vladimir Kireyev bunun səbəbsiz olmadığını qeyd edir: “Əslində,” biz hazırda görürük ki, Türkiyə, Azərbaycan və onların tərəfdaşlarının birliyi tərəfindən Cənubi Qafqazın mənimsənilməsi prosesi gedir. Azərbaycanın əsas tərəfdaşlarından biri də İsraildir. Türkiyə ABŞ və bəzi Avropa ölkələrinin himayəsi altında fəaliyyət göstərir. İngilislər bu məsələdə çox fəaldırlar. Məsələn, Fransa bunun əksini edir ki, bu da Qərbin müəyyən ziddiyyətli fikirlərini göstərir. Bölgəyə gələn Türkiyədir. Üstəlik, bütün bunlar Ermənistan və Azərbaycan rəhbərliyinin birbaşa iştirakı ilə həyata keçirilir. Rusiyaya və onun Cənubi Qafqazla bağlı mövqeyinə gəlincə, əlbəttə ki, bu regionun nə qədər vacib olduğunu başa düşmək olar. Bununla belə, etiraf etmək lazımdır ki, Rusiya Federasiyasının bu sahədə mövqeyi hələ kifayət qədər fəal deyil. Cənubi Qafqazda vəziyyət hazırda Rusiya üçün çox əlverişsizdir. Ona açıq düşmənçilik edən qüvvələr vəziyyətə nəzarəti ələ keçirməyə çalışır. Əgər, məsələn, ABŞ hansısa şəkildə tarazlığı saxlayırsa, o zaman Aİ birbaşa Rusiya ilə kəskin qarşıdurmaya doğru gedir. Belə bir vəziyyətdə Cənubi Qafqazdan Rusiya Federasiyasına təzyiq göstərmək üçün mütləq tramplin kimi istifadə olunacaq”. Bundan öncə isə Rusiya Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini Viktor Vodolatski son açıqlamasında ABŞ-ın iştirakı ilə imzalanmış Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin əslində Rusiyanın uzunmüddətli sülhməramlı fəaliyyətinin nəticəsi olduğunu iddia edib. Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələrinin regionda təsir göstərmək cəhdləri Moskvanın diqqətindən yayınmır: “Ən başlıcası odur ki, anqlo-saksonlar Cənubi Qafqazda yeni gərginlik ocağı yarada bilməsinlər. Onlar həmişə Qafqazı Rusiyaya qarşı qaldırmaq istəyiblər. Allah eləməsin ki, Ermənistanla Azərbaycan arasında gedən bu sülh proseslərinə təsir etməklə öz hiyləgər planlarını həyata keçirməyə çalışsınlar. Ona görə də Rusiya bunu daim izləyir. Dövlətimizin suverenliyi və təhlükəsizliyi prezidentimizin prioritetidir və Qafqaz respublikaları üzrə işimizi daha dəqiq və sərt aparmalıyıq”.

Tahir TAĞIYEV

Chosen
22
baki-xeber.com

1Sources