EN

Sülh sazişi yaxınlaşır: Qarabağın fatehi indi də Sülh fatehidir

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Naxçıvana quru yolu Bütöv Azərbaycanın yenidən qurulması deməkdir

Cənubi Qafqaz münaqişələrdən uzaq əməkdaşlıq regionuna çevrilir

 Dünən Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir. Spiker bildirib ki, Prezident İlham Əliyev Prezident Donald Trampın dəvəti ilə ABŞ-yə səfər edib: "Səfər çərçivəsində əldə olunmuş razılaşmalar, keçirilən görüşlərə görə əminliklə deyə bilərik ki, bu səfər tarixi əhəmiyyətə malikdir. 

Böyük liderləri fərqləndirən ən mühüm xüsusiyyətləri prinsipiallığı, diplomatik məharəti, cəsarətidir. Vaşinqton razılaşmaları da məhz bu kontekstdən qiymətləndirilməlidir!". S.Qafarova qeyd edib ki, bu səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyələndirilməlidir: “Bu məsələdə Prezident Trampın sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı. Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra sülh diplomatiyasının məntiqi sonluğa çatdırılması ilə də səciyyələndirilən hadisə oldu. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması haqq-ədaləti özündə ehtiva edir. Bu hadisə bizim regionumuzda yeni üfüqlər açır. Vaşinqton razılaşmalarının məntiqi davamı olaraq Zəngəzur dəhlizinin reallaşdırılması da tarixi əhəmiyyət daşıyır. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişir. Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsinə əsaslı yeniliklər gətirəcək. Bu dəhlizin “Tramp marşrutu” adlandırılması da təsadüfi deyil. Cənubi Qafqazda sühün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici məqam oldu”.

"Yeni nəqliyyat və enerji yollarının açılması regionun inkişafına böyük töhfələr verəcək"

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Vaşinqton razılaşmalarının Konstitusiya və suverenlik ilində baş tutması rəmzi məna daşıyır. Əli Hüseynli bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsində maraqlı xarici qüvvələr də olub: “Yeni nəqliyyat və enerji yollarının açılması regionun inkişafına böyük töhfələr verəcək. İkinci adı “Tramp marşrutu” olan Zəngəzur dəhlizi Ermənistan üçün də fürsətdir, onu tranzit ölkəyə çevirə bilər. Təbii ki, sülh müqaviləsinin rəsmən imzalanmamasının əsas səbəbi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarıdır. Heç şübhəsiz ki, bu aradan qaldırılandan sonra rəsmən sülh sazişli imzalanacaq. Əminəm ki, Azərbaycan parlamentində bundan sonra sülh sazişinin də ratifikasiyası iclasına şahidlik edəcəyik”.

"Artıq İlham Əliyevə “Sülh fatehi” deyə bilirik"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, bir vaxtlar Qərb bizi dəyişdirməyə, Donald Trampı isə siyasi səhnədən uzaqlaşdırmağa çalışırdı: “İndi onlar birləşərək Qərbi dəyişdirir. Vaşiqnton görüşündə beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın təməli qoyuldu. Vaşinqtonda keçirilən görüşlərdə əldə olunan razılaşmalar Prezident İlham Əliyevin müdrik diplomatik siyasətinin təntənəsidir. Bu görüş eyni zamanda sülhün də təntənəsidir. 19 iyun 2025-ci ildə Türkiyənin Kahramanmaraş şəhərində İlham Əliyev Qarabağ fatehi kimi qarşılandı, biz artıq İlham Əliyevə “Sülh fatehi” deyə bilirik”.

"Naxçıvana quru yolu bütöv Azərbaycanın yenidən qurulması deməkdir"

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, Azərbaycan Prezidenti həm də erməni xalqına bundan sonra hansı yolu gedəcəyini səmimi şəkildə izah etdi: “Naxçıvanla quru sərhədinin açılması həm də bütöv Azərbaycanın yenidən qurulması deməkdir. 5 il öncəki yuxularımızı təftiş etsəniz, bu gün baş verənlərə inana bilməyəcəksiniz”.

"ABŞ-nin dəhlizə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur"

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun çəkilməsi ilə razılaşaraq, növbəti dəfə öz üzərinə beynəlxalq öhdəlik götürməsi, ABŞ-nin yolun çəkilməsinə və təhlükəsizliyinə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur. Deputat bildirib ki, “Tramp yolu” adlandırılacaq Zəngəzur dəhlizinin açılmasında ABŞ-nin prinsipial mövqe ortaya qoyacağına ümid edir: “Tramp yolu” istisnasız olaraq bütün region ölkələrinin inkişafına töhfəsini verəcək. Vaşinqton Bəyannaməsinin qəbulu Xankəndi üzərində suverenliyin bərpasından sonra sülhə və sabitliyə doğru atılmış ən əhəmiyyətli addımdır. ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla əldə olunmuş razılaşma başqa ölkələrə qarşı deyil. Yekun sülh sazişinin Türkiyə və Rusiyanın iştirakı ilə imzalanması məsələsinə də baxa bilərik. Bu, daha ədalətli olar. Ermənistanla yekun sülh sazişinin imzalanmasını sürətləndirməliyik. Ermənistan Konstitusiyasına dəyişiklik barədə öhdəlik götürərsə, sülh sazişini imzalaya bilərik. Rusiya və Avropa İttifaqı ilə aramızda yaşanan gərginliyin aradan qaldırılmasına, ölkəmizə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatından daha faydalı olacaq Ümumdünya Ticarət Təşkilatına üzvlüyə çalışmalıyıq. Rusiyada yaşayan vətəndaşlarımızın heç olmasa quru sərhədi ilə ölkəmizə keçidinə icazə verməliyik”.

"Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq güclənəcək"

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə hesab edir ki, sülh sazişinin mətnini paraflamaqla Ermənistan sazişin mətniylə razı olduğunu ABŞ-nin iştirakı ilə qəbul etdi: “Bu sənəd beynəlxalq hüquqi əsasların qeyd-şərtsiz təsdiqidir. İmzalanan bəyannamədə Naxçıvanla manəsiz keçidin təmini üçün razılıq əldə edilməsi çox mühüm əhəmiyyətə malikdir. Beləliklə, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra qarşıya qoyduğu daha bir milli məqsəd həyata keçirildi. Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlıq güclənəcək”.

"SSRİ-nin dağılması yalnız indi başa çatır"

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, 2003-cü ilin avqustunda Ulu Öndər Heydər Əliyevin tarixi missiyasını qəbul edən İlham Əliyev 22 il sonra məhz həmin ayda Ağ Evdə növbəti tarixi uğurlara imza ataraq, Kürəkçaydan Bişkek protokollarına qədər davam edən itkilər silsiləsinə son qoydu, yeni qalib Yüz ili başlatdı, silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı: “17 il əvvəl məhz 8 avqustda Rusiya tankları Poti limanında lövbər salanda da İlham Əliyev Qafqazı xilas etmişdi, çoxları risk etməyəndə 5 dövlət başçısına Gəncədən Tbilisiyə getməyə yol açmışdı. 2025-ci ilin avqustun 8-də isə Ağ Ev razılaşmaları təkcə iki dövlətin deyil, bütövlükdə regionun taleyi, eləcə də dünyada mövcud müharibələrin ədalətli həlli üçün bir örnəkdir. Azərbaycanın qəti mövqeyi ilə ATƏT Minsk qrupunun ləğvi - Birinci Qarabağ müharibəsindən sonra işğalı qoruyan monopolist birliyin varlığına son qoyulması əsl müstəqillik hadisəsidir. Mənə elə gəlir ki, SSRİ-nin dağılması yalnız indi başa çatır. Tam və qəti qələbədən əsl müstəqillik və suverenlik doğulur. Ona görə də İlham Əliyev 21-ci əsrin milli azadlıq hərəkatının və qalib Xalqın lideridir. Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək babalarımızın məğlub taleyini dəyişdirmək deməkdir. Əgər Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar, onların portreti altında Prezidentə yol göstərənlərə deyərdilər ki, İlham Əliyev bizim itirdiklərimizi qaytardığı üçün bütün əsrlərin lideridir. Azərbaycan təkcə torpaqlarını geri qaytarmadı, həm də çoxəsrlik Qarabağ savaşını bitirdi. Qarabağın qlobal gündəlikdən çıxması əsrlərdir savaşlara xərclənən sərvətlərimizi yeni Vətən quruculuğuna, Böyük Qayıdışa yönələcəyini deməyə imkan verir”.

"Saziş indiki və gələcək ərazi iddialarından imtinanı ehtiva edir"

Deputat Rizvan Nəbiyev nəzərə çatdırıb ki, Vaşinqton Birgə bəyanatında Prezident Əliyevin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavı arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi də əksini tapıb: “Bu mənada Vaşinqton Birgə bəyanatını Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd də hesab etmək olar. Vaşinqtonda paraflanmış Sülh Sazişində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıyır. Əsas hüquqi məqam odur ki, bu tanıma keçmiş sovet respublikaları arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədləri kimi qəbul olunması prinsipinə əsaslanır. Saziş eyni zamanda, indiki və gələcək ərazi iddialarından imtinanı ehtiva edir. Vaşinqton razılaşmaları Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyinin, strateji baxışının və diplomatik məharətinin qlobal miqyasda təqdir edilməsidir”.

"Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin diplomatiyasının və müdrik liderliyinin təntənəsidir"

Deputat Azər Badamov qeyd edib ki, Vaşinqtonda imzalanmış razılaşmalar uğurlu tariximizin yeni bir səhifəsidir və yaratdığımız reallığın beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunmasıdır: “Vaşinqton görüşü çərçivəsində imzalanmış sənədlər ədalətin bərpası, tələblərimizin qəbul edilməsi və sülh sazişinin paraflanması ilə yeni bir uğur tariximizdir. Vaşinqtonda əldə olunmuş razılaşmalar həqiqətən Prezident İlham Əliyevin diplomatiyasının və müdrik liderliyinin təntənəsidir. Dövlət başçımızın rəhbərliyi altında xalqımız sülh və firavanlıq içində yaşayacaq, Cənubi Qafqaz isə münaqişələri arxada qoyan əməkdaşlıq regionuna çevriləcək”.

Milli Məclisin növbədənkənar sessiyasına Dövlət Himninin səsləndirilməsi ilə yekun vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
sherg.az

2Sources