EN

“4 mövsüm Qrız”: Dağ kəndində qadınlar üçün turizm təlimi

Kənd qadınları rəqəmsal marketinq bilikləri əldə etdi
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Dövlət Turizm Agentliyinin dəstəyi ilə icra etdiyi “4 mövsüm Qrız” layihəsi çərçivəsində Quba rayonunun Qrız kəndində növbəti təlim keçirilib. Təlimin əsas məqsədi kənd qadınlarının kənd turizminə inteqrasiyasını dəstəkləmək, onları müasir rəqəmsal marketinq bilikləri ilə təmin etmək və Qrız kəndinin turizm potensialını daha effektiv şəkildə təqdim etmək olub. Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva bildirib ki, “4 mövsüm Qrız” kəndin davamlı sosial və iqtisadi inkişafına təkan verəcək bir layihədir: “Qrız kəndi təkcə təbiət gözəllikləri, mədəni irsi ilə deyil, həm də buradakı insanların qonaqpərvərliyi və zəhmətkeşliyi ilə seçilir. Biz qadınların bu zənginliyi dünyaya tanıtmaqda aparıcı rol oynayacağına inanırıq. Bu layihənin əsas məqsədi kənd qadınlarının turizm sektorunda fəal iştirakını təmin etmək, onların rəqəmsal marketinq və müasir təqdimat bacarıqlarını artırmaqdır”.
Təlimçi ekspert, turizm üzrə tanınmış mütəxəssis Vüqar Dərgahov “Kənd turizmində rəqəmsal marketinq strategiyası” mövzusunda geniş təqdimatla çıxış edib. Qeyd edib ki, kənd turizminin inkişafında rəqəmsal marketinq  mühüm əhəmiyyət daşıyır: “Əgər bir bölgənin turizm potensialı varsa, bu potensialı dünyaya tanıtmaq üçün rəqəmsal alətlərdən istifadə çox vacibdir. İndi artıq təkcə qonaq qəbul etmək yox, eyni zamanda onlara sosial mediada görünmək, düzgün təqdimatla maraq yaratmaq da lazımdır”.
O, təlimdə iştirakçılara sosial media strategiyaları, kontent planlaşdırılması, fotoların və videoların düzgün istifadəsi, Google xəritələrində yerləşdirmə, online rezervasiya imkanları və digər müasir alətlər barədə ətraflı məlumat verdi.
Təlim interaktiv şəkildə təşkil olundu və iştirakçılar praktiki tapşırıqlarla öyrəndiklərini yerindəcə tətbiq etməyə çalışdılar. Qrız kənd sakini, təlim iştirakçısı Vəfa Seyidova bu təlimlərin kənd qadınları üçün əhəmiyyətli olduğunu dilə gətirdi: “Bu gün biz kəndimizin gözəlliklərini, mətbəximizi, adətlərimizi və qonaqpərvərliyimizi tanıtmağın rəqəmsal yollarını öyrəndik. Kəndimizin turizm imkanlarının sosial mediada düzgün təqdimatı vacibdir. Artıq başa düşürük ki, kənd turizmi təkcə qonaq qəbul etmək deyil, eyni zamanda internet üzərindən görünmək və diqqət çəkməkdir. Mən bu təlimdən sonra kəndimiz üçün bir Instagram səhifəsi açmaq, orada təbiətimizi, həyat tərzimizi və yerli məhsullarımızı paylaşmaq qərarına gəldim. Dövlət Turizm Agentliyinin dəstəyi ildə əldə etdiyimiz bu biliklər bizim üçün yeni imkanlar açır”.
Təlimin sonunda sual-cavab və müzakirə sessiyası keçirildi. İştirakçılar öz ideyalarını bölüşdülər, gələcəkdə həyata keçirmək istədikləri kiçik turizm təşəbbüsləri barədə danışdılar. Bəziləri artıq evlərini qonaq evi kimi hazırlamağa başladığını, digərləri isə kəndin yerli məhsullarını brend halına gətirmək istədiyini bildirdi.



Chosen
35
4
editor.az

5Sources