Rusiya ilə Ermənistan arasında yerdəyişmənin baş verməsinin ilginc səbəbi - analitik rəyi
Xəbər verdiyimiz kimi, Minval-LIVE Telegram kanalı abunəçilər arasında Azərbaycana dost və düşmən ölkələrlə bağlı sorğu keçirib. Bəlli olub ki, dost ölkələr arasında Türkiyə açıq şəkildə liderdir - 88%. Pakistan 2-ci (62%), İsrail 3-cü (48%), Özbəkistan isə 4-cü yerdə (35%) qərarlaşıb.
Abunəçilər tərəfindən düşmən kimi qəbul edilən ölkələrin siyahısında 1-ci yerdə Rusiya (63%), 2-ci yerdə Ermənistan (60%), 3-cü sırada İran (53%), 4-cü yerdə isə Fransa (41%) qərarlaşıb.
Əslində bu göstəricilər cəmiyyətimizdəki mövqeyi əks etdirir. Çünki dəniz suyunun dadını bilmək üçün damcı da yetərli sayılır. Beləcə, məlum olur ki, Azərbaycanın 1 nömrəli düşməni heç də Ermənistan deyilmiş.
Bəs cəmiyyətdəki bu ovqat nəyin göstəricisidir və dərəcədə davamlı ola bilər? Yaxın illərdə rəqəmlər, yerlər necə dəyişə bilər?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı “Yeni Müsavat”a deyib ki, sorğu iştirakçılarının Azərbaycana dost dövlətlər seçiminə şərikdir: “Düşmən dövlətlər seçimində Rusiya ilə Ermənistan arasında yerdəyişmənin baş verməsi isə son hadisələrlə bağlıdır. Rusiyanın Azərbaycanın mülki təyyarəsini raketlə vurması, buna görə üzr istəməməsi və digər zəruri addımlar atmaması, o cümlədən soydaşlarımızı incitməsi münasibətlərə ciddi şəkildə mənfi təsir edib. Eyni zamanda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin paraflanması, iki ölkə arasında sülh quruculuğuna başlanılması da sorğu nəticələrinə təsir edib. İki ölkə arasında müharibə riski xeyli azalıb, gələn il sülh sazişinin imzalanması perspektivi böyükdür, Zəngəzur dəhlizinin tikintisinə də başlanılmalıdır. Bu səbəbdən sorğuda Ermənistan Azərbaycanın əsas düşməni kimi göstərilməyib. Buna baxmayaraq, Ermənistan düşmən siyahısında ikinci sıradadır. Bu da təbiidir. Çünki Ermənistanda radikallar qüvvələr anti-Azərbaycan, antitürk mövqelərindən əl çəkməyiblər. Həmin radikallar yenə hakimiyyətə gələrlərsə, bölgədə vəziyyət yenə mənfiyə doğru dəyişə bilər. Bu səbəbdən, Ermənistana hələ tam inam yoxdur. İran və Fransanın Azərbaycanın düşmənlər sırasında yer alması da təbiidir. Doğrudur, İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla dost və tərəfdaş münasibətlərə çalışır. Ancaq Ermənistanda olduğu kimi İrandakı radikallar da anti-Azərbaycan mövqelərində dəyişiklik etməyiblər. Fransa Prezidenti Emmanuel Makronun anti-Azərbaycan siyasəti iki ölkə arasındakı münasibətlərə mənfi təsir edib. Doğrudur, rəsmi Paris son zamanlar Cənubi Qafqaz və Azərbaycan siyasətini korrektə etməyə çalışsa da, münasibətlərin normallaşmasına hələ çox var. Fransa Azərbaycanın düşmənləri siyahısından dost siyahısına keçmək üçün çox çalışmalıdır”.
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev də keçirilən sorğunun reallığı əks etdirdiyini deyib: “Sorğunun nəticələri obyektiv və düzgün nəticələrdir. Bu da onunla bağlıdır ki, Rusiyanın, İranın və Azərbaycanın yaratdığı yeni reallıqlardan sonra məhz belə bir məsələ açıq şəkildə özünü göstərdi. Xatırladım ki, ölkə prezidentinin də maraqlı bir çıxışı olmuşdu. Bildirmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsində düşmən ölkənin önündə duran dövlətlər var. Bu da həmin məntiqə xidmət edir ki, Azərbaycan-Ermənistan konfliktindən söhbət getsə də, burada daha çox geosiyasi konflikt mövcud idi və bu, böyük dövlətlərin yaratdığı bir münaqişə idi.
Əsl düşmən Rusiya və İran idi - geosiyasi maraqlarına görə parçala, hökm sür, koalisiya yarat, konflikt yarat, məqsədlərinə çat. Bu, məhz həmin məqsədə xidmət edən konflikt idi.
İndiki halda, bəli, Rusiyanın ardıcıl şəkildə Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri, eyni zamanda son vəziyyət, İranın bənzər hərəkətləri bir daha onu təsdiq edir ki, ictimai rəy reallığı əks etdirir. Azərbaycan-Ermənistan artıq sülh müqaviləsi paraflandıqdan sonra yeni bir reallığa, sülh müqaviləsinə doğru addımlayır. Ermənistan tərəfindən isə böyük iradə tələb olunur ki, böyük geosiyasi güclərin əlində alətə çevrilməsin, dayanıqlı və davamlı şəkildə sülhə doğru addımlasın".
Xalidə GƏRAY,
“Yeni Müsavat”