Londonun Hitrou hava limanının 4-cü terminalında sentyabrın 8-də baş verən insidentlə bağlı 57 yaşlı bir nəfər saxlanılıb.
Hafta.az xəbər verir ki, hadisə zamanı təxminən 20 nəfər sağlamlıq şikayəti ilə müraciət edib və terminaldakılar müvəqqəti olaraq təxliyə olunub. Xüsusi təlim keçmiş polis qüvvələri, London Yanğınsöndürmə Xidməti və təcili tibbi yardım əməkdaşları əraziyə cəlb olunub. Metropolitan Polisi ərazidə apardığı axtarış zamanı CS qazı (gözyaşardıcı qaz) olduğu ehtimal olunan balon aşkarlayıb. Polis açıqlamasında həmin maddənin insana təsir edərək zərər verdiyini bildirib. Şübhəli şəxs hazırda polis nəzarətindədir.
Hadisənin terrorla bağlı olmadığı qeyd edilib. Təcili tibbi yardım xidməti bir nəfərin xəstəxanaya aparıldığını açıqlayıb. /“Sky News”/