EN

QHT imkansız ailələrin övladlarını məktəb forması ilə sevindirdi - FOTOLAR

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə imkansız ailələrin övladlarına məktəb formaları hədiyyə olunub.

QHT.az xəbər verir ki, birliyin sədri Tünzalə Abduləlimova bu barədə açıqlama verərək bildirib:

"Bu gün 25 ailədə uşaqları sevindirdik. Şükür Allahıma. Təhsil hər bir uşağın ən əsas hüququdur. Uşaqların məktəbə rahat şəkildə gedə bilməsi, dərslərində iştirak etməsi və cəmiyyətə faydalı bir fərd kimi yetişməsi üçün onların təməl ehtiyaclarının qarşılanması vacibdir."

Sədrin sözlərinə görə, imkansız ailələr üçün məktəb formalarının alınması bəzən ciddi maddi çətinliklər yaradır:

"Belə hallarda dövlət qurumları, xeyriyyə təşkilatları və könüllülər tərəfindən imkansız ailələrin övladlarına təmənnasız şəkildə məktəb formalarının bağışlanması çox mühüm və dəyərli bir addımdır."

Qeyd edək ki, Birliyin həyata keçirdiyi bu təşəbbüs ailələrin üzərindən maddi yükü götürməklə yanaşı, uşaqların təhsil həyatına bərabər imkanlarla başlamasına şərait yaradır. Bu cür yardımlar uşaqlarda sevinc, məktəbə maraq və inam hissini artırır, həmyaşıdlarından geri qalmamaları üçün imkan yaradır.

Tünzalə Abduləlimova bildirib ki, bu fəaliyyət gələcəyin savadlı, vicdanlı və vətənpərvər gənclərinin formalaşmasına töhfə verəcək:

"“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB tərəfindən icra olunan bu nəcib təşəbbüs həm sosial həmrəylik nümunəsidir, həm də cəmiyyətin gələcəyi üçün atılmış əvəzsiz bir addımdır."

 

Pərvanə Fərhadqızı

Chosen
28
qht.az

1Sources